09 June 2021

İdarə rəisi: “258 min manat pulu şəxsən Rafiq Bayramova vermişəm”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova ifadə verib. O, təqsirləndirilən R.Bayramova yalnız 500 manat pul verdiyini deyib: “2019-cu ildə Novruz bayramını təbrik etmişəm”.

Yaxın ölkələrin itkiləri

İyunun 9-na olan beynəlxalq statistikaya görə, yeni növ koronavirus infeksiyası 208 ölkə, ərazi və məkanda 3 milyon 762,8 mindən çox adamın ölümünə gətirib. Yaxın ölkələrdən ən çox Rusiya itki verib: 124496 nəfər.

İranda 81362, Ukraynada 51333, Türkiyədə 48341 nəfər infeksiya qurbanı olub.

Digər yaxın ölkələr belə sıralanır:

Moldova – 6141 ölüm

Gürcüstan – 4951

Baş katib qalır

Antonio Quterreş BMT-nin baş katibi postunda qalır. Novator.az-ın məlumatına görə, qurumun Təhlükəsizlik Şurası iyunun 8-də Baş Məclisə Antonio Quterreşin səlahiyyət müddətini 2026-cı il dekabrın 31-dək uzatmaq tövsiyəsi verib. Baş Məclisin məsələyə iyunun 18-də baxacağı bildirilir.

Antonio Quterreş 2016-cı il oktyabrın 13-də baş katib seçilib, 2017-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayıb. Onun səlahiyyət müddəti 2021-ci il dekabrın 31-də başa çatır.

Məhbus media: yeni hesabat yayılıb

Mərkəzi qərargahı Londonda yerləşən “Justice for Journalists Foundation” təşkilatının yeni hesabatına görə, Azərbaycanda 6 media təmsilçisi həbsdədir. Siyahıda jurnalistlər Əfqan Sadıqov və Polad Aslanovun, jurnalist, hüquq müdafiəçisi Elçin Məmmədlinin, bloqçular Aslan Qurbanov, İbrahim Türksoy və Elçin Həsənzadənin adları yer alır.

Hesabata əsasən Belarusda 30 media təmsilçisi həbsdə, 3 media təmsilçisi ev dustaqlığındadır.