Dövlət Agentliyinin cavab vermədiyi sual: Qarabağda kimlər sahibkarlıqla məşğul ola biləcək?

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər İşçi Qrupunun bugünlərdə yaydığı məlumatda 600-dən artıq şəxsin işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti üçün müraciət etdiyi açıqlanmışdı.

Bildirilmişdi ki, müraciətlər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən araşdırılır və “investisiya layihələrinin prioritetliyi təhlil edilir”.

“Toplum TV” investisiya tələblərinin detalları və müaciət edənlər arasında yerli əhalinin sayı haqda məlumat almaq üçün KOBİA-ya informasiya sorğusu göndərib, amma qurum sorğuya cavab verməyib.

KOBİA-nın təmsilçisi “Toplum TV”-nin əməkdaşıyla telefon danışığında bildirib ki, bu suallara İşçi Qrupu cavab verməlidir.

Sözügedən qurumun - İdarələrarası Mərkəzin İqtisadi Məsələlər İşçi Qrupununsa nə saytını, nə də əlaqə nömrələrini tapmaq mümkün olub.