DTX xaricdə döyüşməkdə ittiham olunan iki nəfəri saxlayıb

Onların hansı ölkədə silahlı birləşmələrə qoşulduğu açıqlanmır

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sentyabrın 8-də xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslərin saxlanılması haqqında məlumat yayıb.

Ancaq DTX saxlanılanların hansı ölkədə olduqlarını xəbər vermir.

Bildirilib ki, 1980 və 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşları Mənsur Cumayevin və Nəsir Cahangirovun getdikləri dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən olunub.

Hər iki şəxsin 2011-ci ildə Azərbaycanı tərk etdiyi vurğulanıb:

"Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub. Onlar silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər".

DTX Mənsur Cumayevin və Nəsir Cahangirovun Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunduğunu və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyini qeyd edib:

"Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Meydan TV adıçəkilən şəxslərin yaxınlarının və vəkillərinin rəyini öyrənməyə cəhd etsə də, mümkün olmayıb.