Ekspert: “Qeyri-neft sektorundakı ixracatda da SOCAR-ın törəmə şirkəti liderlik edir”

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 39 915 milyon manat təşkil edib.  

Bu barədə iyulun 14-də Dövlət Statistika Komitəsi məlumat yayıb.  

Məlumata görə, son 1 ildə qeyri neft-qaz ÜDM-i 5,1% artaraq 25 637 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 3 987,6 manat olub ki, bu da illik müqayisədə 1,6% çoxdur. 

İqtisadçı Natiq Cəfərli deyir ki, bu artım enerji sektorundakı qiymətlərlə əlaqəlidir: “Əsas səbəb neft və qaz qiymətlərinin artmasıdır. Azərbaycanda neft hasilatı azalsa da, qaz hasilatı kəskin çoxalıb. Eyni zamanda, qaz ixracatında da kəskin artım müşahidə olunur. İlin əvəlindən bəri neftin qiymətlərinin kifayət qədər yüksək olması ümumi daxili məhsulun dəyərinin yüksək olmasına ciddi təsir göstərən amillərdəndir. Qeyri-neft sektorunda müəyyən artım olsa da, ümumi göstəricilərdə hələ də enerji sektoru liderliyini davam etdirir”.  

Ekspert qeyri-neft sektorundakı artımın əsasən kənd təsərrüfatı ilə əlaqəli olduğunu bildirib: “Amma başqa səbəb də var. Neft məhsullarının xaricə ixracı da qeyri-neft sektoru sayılır.  Hesablama qaydalarına görə neftə sadəcə neft-qaz sektoru aid edilir. Polietilen və başqa plastik boruların, o cümlədən gübrələrin istehsalında da artım var. Nə qədər qəribə səslənsə də, qeyri-neft sektorunun ixracatına məhz SOCAR-ın törəmə şirkəti liderlik edir”.  

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ümumi ixracı 6,4 mlrd. ABŞ dollar, qeyri-neft sektoru üzrə ixracı 697 mln. dollar təşkil edib.  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 mln. dollar və ya 26,5% artıb. 2021-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (96,4 mln. dollar) birinci olub. Bu siyahıda qızıl ikinci (64,6 mln. dollar), pomidor (tomat) isə üçüncü (42,3 mln. dollar) yerdə qərarlaşıb. Statistikaya əsasən, digər mallar müvafiq olaraq, ilkin formalı polipropilen (37,1 mln. dollar), qabığı təmizlənmiş meşə fındığı (34,7 mln. dollar), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (33,6 mln. dollar), xurma (31,9 mln. dollar), elektrik enerjisi (23,2 mln. dollar) və s. təşkil edir. 2021-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 216,2 mln. dollar, Rusiyaya 188,5 mln. dollar, İsveçrəyə 68,2 mln. dollar, Gürcüstana 53,5 mln. dollar və ABŞ-a 23 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “Socar Polymer” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Bu siyahıda sonrakı yerləri “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Caspian Geo” MMC, “Azəripək” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti tutur.