FHN əməkdaşı Ağdamda minaya düşüb

Turan: Bu gün, mayın 13-də Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi Süleyman Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

Bu barədə Fövqəladə Hallara Nazirliynin mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 98 hərbi qulluqçu, 45 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2 439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2 058 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.