Əfqanıstanda milyona yaxın uşaq kəskin qida çatışmazlığı ilə üz-üzədir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 875 min əfqanıstanlı uşağın kəskin qida çatışmazlığı ilə üzləşdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ÜST-ün Əfqanıstanla bağlı öz “twitter” hesabında bildirilib:

“Əfqanıstanda 125 mini müxtəlif fəsadlar olan 875 min uşaq ağır kəskin qida çatışmazlığı ilə qarşı-qarşıyadır. 2,3 milyondan çox uşaq orta dərəcədə kəskin qida çatışmazlığının qurbanıdır. 840 min hamilə və ya süd verən ana kəskin qida çatışmazlığından əziyyət çəkir.

Kəskin qida çatışmazlığı ilə mübarizə məqsədilə bu həftə müxtəlif vilayətlərdə tibb bacısı təlimləri davam etdirilir”.

Qeyd edək ki, 2022-ci ildə Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra dərinləşən iqtisadi böhran səbəbindən ölkə daxilində humanitar böhran da kəskinləşib. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, əksəriyyəti uşaqlar olan Əfqanıstan əhalisinin üçdə ikisinə bərabər olan 28 milyon insanın təcili humanitar yardıma ehtiyacı var. Eynilə, qida çatışmazlığı, qızılca və poliomielit kimi bir çox xəstəliklər ölkənin aparıcı problemlərindəndir.