Fransa parlamentinin Uyğurlara qarşı soyqırım qətnaməsi Çini qəzəbləndirib

Çin cümə günü Fransa parlamentinin Pekini uyğur müsəlman əhalisinə qarşı soyqırım törətməkdə ittiham edən qətnaməsini qınayıb. Pekində Qış Olimpiya Oyunlarına iki həftə atılan bu addım iki ölkə arasında münasibətlərdə gərginliyin yaranmasına gətirib çıxarıb.

Qətnamə “Çin Xalq Respublikasının uyğurlara qarşı törətdiyi zorakılığı insanlığa qarşı cinayət və soyqırımı təşkil etdiyini” bildirərək, Pekini 1 milyona yaxın uyğuru məcburi əmək düşərgələrinə yerləşdirməsinə görə tənqid edən bir sıra qərb ölkələri ilə həmrəyliyi ifadə edir.

Fransa Milli Assambleyası bununla qanunvericilərin oxşar təklifi qəbul etdiyi Kanada, Niderland, Britaniya və Belçika parlamentlərinə qoşulur. ABŞ hökuməti rəsmi olaraq Çini qərbi Sincanda soyqırım törətməkdə ittiham edib.

Lakin Çin bu cür ittihamları rədd edib və cümə günü fransalı qanunvericiləri tənqid edib.

"Fransa Milli Assambleyasının Sincanla bağlı qətnaməsi faktlara və hüquqi biliklərə söykənmir və Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edir. Çin buna qəti şəkildə qarşıdır” – deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszian mətbuat brifinqində bildirib.

Fransanın təklifi parlamentin aşağı palatasında müxalif Sosialistlər tərəfindən irəli sürülüb, lakin eyni zamanda prezident Emmanuel Makronun "İrəli Respublika" (LREM) partiyası tərəfindən dəstəklənib.

Fransa Milli Assambleyasının qanuni güvvəsi olmayan qətnaməsi cümə axşamı günü lehinə 169, əleyhinə isə yalnız bir səslə qəbul edilib.

Qətnamədə Fransa hökuməti Sincan bölgəsindəki azlıq qrupunu qorumaq üçün “beynəlxalq ictimaiyyət çərçivəsində və Çin Xalq Respublikasına münasibətdə xarici siyasətində lazımi tədbirləri görməyə” çağırılır.

Fransa hökuməti Çinin uyğur azlığına qarşı rəftarını "soyqırım" adlandırmaqdan imtina edərək, bunun hüquqi termin olduğunu və yalnız məhkəmə araşdırması ilə sübut oluna biləcəyini bildirib.

Pekin BMT-nin İnsan Haqları üzrə Ali Komissiyasının araşdırma aparmaq üçün bölgəyə səfər etmək barədə təkrar müraciətlərini rədd edib.

İnsan haqları qrupları Sincanda kütləvi həbslər, icbari əmək, siyasi-ideoloji təbliğat, işgəncə və məcburi sterilizasiya ilə bağlı sübutlar tapdıqlarını bildirirlər.

Pekin Sincanda soyqırım və ya icbari əmək düşərgələrinin mövcudluğunu inkar edir və şimal-qərb bölgəsindəki şəraitlə bağlı xaricdə ifadə verən uyğurları yalan danışaraq pul almaqda ittiham edir.

 

Amerikanın səsi.