Fuad Əhmədlinin Tale Bağırzadəyə sualı və MBH sədrinin suala cavabı

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə facebook səhifəsində Fuad Əhmədli tərəfindən ona ünvanlanan suala cavab verib.

 

Operativ.tv Fuad Əhmədlinin sualını, həm də Tale Bağırzadənin cavabını təqdim edir: 

 

Fuad Əhmədli:
“Salam hacı. Allah tezliklə bizləri sizə qovuşdursun.
Sualıma gəlincə: Bu payız parlament buraxılarsa, ölkədə normala yaxın seçki mühiti yaranarsa, nisbətən bərabər mübarizə imkanları olarsa, şəxsən Tale Bağırzadə Müsəlman Birliyi Hərəkatının Milli Şura tərkibində, yaxud da müstəqil olaraq parlament seçkilərində iştirakına necə yanaşır? Yəni Müsəlman Birliyi Hərəkatının heç olmasa 10-15 funksionerinin parlamentdə təmsil olunması Hərəkat lideri tərəfindən prioritetlərdə varmı?”
 
Tale Bağırzadə:
 
“Əleykum salam, əziz qardaşım! Diqqətinə, xoş münasibətinə görə əvvəlcədən xüsusi təşəkkür edirəm!
Sualınıza gəlincə, əvvəla onu qeyd edim ki, Müsəlman Birliyi Hərəkatı seçki ilə bağlı hər hansı müzakirə aparmayıb. Digər tərəfdən, düşünürəm ki, payızda parlament buraxılsın, sadəcə olaraq qovulmuş, tutulmuş və ölmüşlərin boş qalan mandatları üzərindən hakim rejimin ifasında yeni “azad” və “ədalətli” seçki tamaşasını maraqla izləyə bilərik.
 
Namizədlərimizə gəlincə, biz MBH olaraq illərdir ən çətin şərtlər altında öz namizədlərimizi Milli Məclisə deyil, Milli Həbsxanalarımızın boş qalan hücrələrinə təqdim etməkdəyik. Həm tarixi təcrübələrə, həm də müdafiə strategiyamıza əsaslanaraq, qətiyyət və inamla vurğulayırıq ki, millətin taleyini dəyişdərəcək azad və ədalətli seçkilərin yolu yalnız siyasi məhbuslarla doldurulmuş həbsxana yollarından keçməkdədir.
 
Ancaq bütün bunların fonunda, onu da qeyd edim ki, siyasi mübarizə nöqteyi-nəzərindən, xüsusilə də Azərbaycan kimi azad seçkilərin boğulduğu ölkələrdə, seçkiyə gedib-getməmək strateji deyil, taktiki məsələ hesab edilir. Odur ki, bu taktiki məsələdə təmsil olunduğum Milli Şuranın qəbul edəcəyi hər hansısa bir qərar bizim üçün də öz əhəmiyyətini qoruyacaqdır!
 
Qalın Uca Allaha Əmanət!”