Gürcüstanda kampaniya: azərbaycanlılar soyad sonluqlarını dəyişmək istəyir

Rus soyad sonluqlarından imtina üçün imzatoplama kampaniyası davam edir

“Gürcüstanda istənilən etnik mənsubiyyətdən olan insanların soyadlarını dəyişmələri üçün qanun mexanizmi yoxdur. Düşündük ki, belə bir təşəbbüslə öz milli kimliyimizə uyğun soyad sonluqları götürə bilərik”.

Gürcüstanda fəaliyyət göstərən “Salam” platformasının təsisçilərindən Rabil Azad “Toplum TV”-yə belə deyib.

Avqustun 2-də Gürcüstanda azərbaycanlıların soyadlarından “ov” və “yev” sonluqlarının götürülməsi ilə bağlı imzatoplama kampaniyasına başlanılıb.

Gürcüstan parlamentinin Prosedur məsələlər və qaydalar Komitəsində ölkədə yaşayan etnik azərbaycanlıların təşəbbüs qrupunun qeydiyyatı məsələsi dəstəklənib.

Təşəbbüs qrupunun üzvləri olan Gürcüstanın Azərbaycan əsilli vətəndaşları özlərinin əsl, autentik soyadlarını bərpa və “ov”, “yev” və digər qeyri-autentik soyad sonluqlarından imtina etmək istəyirlər və bununla bağlı “Vətəndaş aktları barədə” Qanuna düzəlişlər tələb edirlər.

Təşəbbüs 2019-cu ildə Gürcüstanda yaşayan etnik azlıqların hüquqlarını müdafiə etmək məqsədilə təsis edilən “Salam” platforması tərəfindən irəli sürülüb. Rabil Azad deyir ki, bu, platformanın ilk başlatdığı kampaniyalardan biri olub:

“Araşdırdığımız zaman məlum oldu ki, istənilən etnik mənsubiyyətdən olan insanların soyad və ya soyad sonluğunu dəyişmələri üçün qanun mexanizmi yoxdur. Düşündük ki, belə bir təşəbbüslə öz milli kimliyimizə uyğun soyad sonluqları götürə bilərik. Bu günə kimi görülən işlərin əksəriyyəti müəyyən görüşlər, sənədli filmlər kimi yerli səviyyədə kampaniyalar olub. Son addımlarımız isə may ayında başlayıb. Gürcüstanda fəaliyyət göstərən 5 təşkilatla birlikdə qanun layihəsi hazırlanıb və parlamentə ərizə formasında təqdim olunub”.

Təsisçinin sözlərinə görə, parlament onlara ən azı 25 min seçicinin imzasını toplamaq üçün zaman verib: “Yetərli səs toplandıqdan sonra parlamentin İnsan haqları Komitəsində yenidən müzakirə olunacaq. Daha sonra plenar iclasda Gürcüstan parlamentinin 150 nəfər üzvü təklifin lehinə və ya əleyhinə səs verəcək. Artıq bir neçə fərqli partiyadan olan millət vəkili bu mövzuya müsbət yanaşıb”.

İmzatoplama kampaniyası çərçivəsində 45 gün ərzində 25 min imzanın toplanması planlaşdırılır.

Kampaniya ilə əlaqədar olaraq “#soyadımıqaytar” adlı “Feysbuk” səhifəsi də açılıb.

Plaftormanın digər üzvü İrfan Sarıyev deyir ki, imzatoplama kampaniyası Gürcüstanın müxtəlif bölgələrində davam edir: “Məlumdur ki, biz Gürcüstanda yaşayan azərbaycanlılar olaraq soyadlarımızda rus soyad sonluqları daşıyırıq. Təəssüf ki, hazırda Gürcüstan qanunvericiliyində bizim öz soyadlarımızdan rus soyad sonluqlarını götürməyimiz və milli soyadlarımızı daşımağımız üçün müvafiq qanun mövcud deyil. Belə bir qanunun mövcud olması üçün başda “Salam” platforması olmaqla, Gürcüstanda yaşayan bir çox azərbaycanlı könüllü şəkildə 25 min imza toplama layihəsinə başlayıb. Gürcüstanın bir çox yerlərində, əsasən də azərbaycanlıların yaşadığı bölgələrdə imzaların toplanması davam edəcək. Hazırda Tbilisi şəhərində, Marneulidə, Qaraçöpdə və başqa ərazilərdə imzaların toplanması davam edir”.