Husilər Yəməndə bir rayonu nəzarətə götürüblər

Husilər Yəmənin Mərib əyalətinin əl-Əbdiyyə rayonunu nəzarətə götürüblər.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, (mərkəzi qərargahları paytaxt Sənada yerləşən) “Yəmən Silahlı Qüvvələri” (husilər) Mərib əyalətinin cənubunda əl-Əbdiyyə rayonunun mərkəzini nəzarətə götürüblər.

Məlumata görə Səudiyyə Ərəbistanı hərbi koalisiyası havadan qarşı tərəfə güclü dəstək versə də sonda bölgə husilərin nəzarətinə keçib.

Husilər Mərib əyalətinin inzibati mərkəzi olan Mərib şəhərini bir neçə istiqamətdən mühasirəyə almağa çalışırlar. Onlar cari həftənin əvvəlində elan ediblər ki, son həftədə əyalətdə 600 kvadrat km ərazini nəzarətə götürüblər.

Qeyd edək ki, ölkədə 2014-cü ildə başlayan qarşıdurma, 2015-ci ilin martında Səudiyyə Ərəbistanın hərbi müdaxiləsindən sonra daha da şiddətlənib. Səudiyyə Ərəbistanı bu ölkədə legitimliyi dəstəkləmək adı ilə hərbi müdaxiləyə başladığını iddia edir.

 

SalamNews / Giperssilka