Həzrət Əbülfəzl İmam Mehdinin (ə.f) dilindən

Allahın son hüccəti, Bəqiyyətullah İmam Mehdi (ə) öz gözəl sözlərinin bir hissəsində əmisi Abbas haqqında buyurur:

Salam olsun Əbülfəzl Abbas ibn Əmirəlmömininə! Böyük qardaşına həmdərd oldu, canını ona fəda etdi. Dünəndən sabahın bəhrəsini apardı. O, qardaşının fədaisi, onu müdafiə edən idi. Ona su çatdırmaq üçün çox çalışdı. Qolları kəsildi. Allah onun qatillərinə - Yezid ibn Rəqad və Həkim İbn Tufeyl Taiyə lənət eləsin...[1]

İmam (ə.f) Ədnan tayfasının iftixarı, Bəni Haşimin ayı, əmisi Abbasın uca sifətlərini belə sayır və onu tərifləyir:

1. Əbülfəzlin ən çətin şəraitdə qardaşı ilə həmdərd olması və tarixin zərbül-məsəlinə çevrilməsi.

2. Əbülfəzlin təqva vasitəsilə axirət azuqəsini hazırlayıb göndərməsi və nur, hidayət imamına yardım etməsi.

3. Abbasın öz canını, qardaşlarının və övladlarının canını cənnət cavanlarının ağası İmam Hüseynə (ə) fəda etməsi

4. Öz qanı ilə qardaşını müdafiə etməsi

5. Zalım ordusunun bir qurtum suyun Peyğəmbər (s) ailəsinə çatmağa mane olmalarına baxmayaraq, Həzrət Abbasın qardaşı və əhli beyti üçün su gətirmək üçün səy göstərməsi

Əbülfəzlin bu xüsusiyyətləri İmamların (ə) dilindən heç vaxt düşməmişdir. Çünki Kərbəlada bu xüsusiyyətlərə malik olan bir şəxsiyyətin olması labüd idi. Həzrət Abbas bu xüsusiyyətləri ilə Kərbəlanın nə qədər qanlı və insani dəyərlərdən uzaq bir faciə olduğunu öz çılpaqlığı ilə bəşərə təqdim etmişdir.

Hazırladı: Şeyx Fərhad Mirzə

 

[1] Əl-Məzar, Məhəmməd ibn Məşhədi, 6-cı əsrin böyük alimlərindən olmuşdur.