İctimai fəallar "Bakı qətliamına son" adlı aksiya keçirib

"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzini qeyri-şəffaf fəaliyyətdə günahlandıran bir qrup ictimai fəal mərkəzin qarşısında "Bakı qətliamına son" adlı etiraz aksiyası keçirib.

Onlar qurumun nümayəndələriylə görüşmək istədiklərini bildirsələr də, buna nail ola bilməyiblər.

12-ci polis bölməsinin əməkdaşları aksiyaya müdaxilə ediblər və aşağıdakı şəxsləri zorakılıqla saxlayaraq polis maşınlarında naməlum istiqamətə aparıblar:

1. Əhməd Məmmədli
2. Rüstəm İsmayılbəyli
3. Kamran Məmməddli
4. Rəvan Axundov
5. Fərid Cabbar
6. Elxan Mirzoyev
7. Nicat İsmayıl
8. Elmir Abbasov.

Sonda aksiya iştirakçısı Aynur Babayeva tədbirin təşkilatçısı "Toplan"tı"nın bəyanatını səsləndirib:

""Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi şəhərimizdə evsiz itlərin problemlərini müasir standartlarda və etik üsullarla həll etmək üçün yaradılmış qurum olsa da, praktikada biz bunun tam əksini görürük. Belə ki, "Toplan" mərkəzinin elan edilən iş prinsipləri sahibsiz itlərin yaşadıqları ərazidən tutulması, mərkəzə gətirilməsi, burada qısırlaşdırılıb peyvənd edildikdən sonra qulaqlarına birka taxılaraq həmin əraziyə geri buraxılması üzərində qurulmuşdur. Lakin bu mərkəzin topladığı itlərin az qala hamısı məhv edilməkdədir.
 
Sual veririk: "Toplan" İtlərə Qayğı Mərkəzinin qapıları nə üçün ictimaiyyətə qapalıdır? Qayğı mərkəzində (dünya praktikasında olduğu kimi) könüllü olmaq və oradakı sahibsiz itlərin qayğısına qalmaq, gündəlik işlərə dəstək olmaq istəyən vətəndaşlara nə üçün icazə verilmir? Sakinlərin öz məhəllələrində qayğı göstərdiyi itlər bu qurum tərəfindən götürüldükdən sonra onları sahiblənərək geri götürmək üçün edilən müraciətlərə nə üçün rədd cavabı verilir? Mərkəzin yalnız giriş hissəsinə vətəndaşların daxil olmasına (bəzi hallarda) icazə verildiyi hallarda daxil olmadan öncə mobil telefonları onlardan nə üçün toplanılır? Fəaliyyətə başladığı vaxtdan bu günədək "Toplan" mərkəzi tərəfindən götürülən minumum 44 min itin aqibəti haqqında nə üçün məlumat verilmir? Mərkəz itlərin həyatına son verdikdən sonra onları hansı üsulla ortadan qaldırır?
 
"Toplan" mərkəzinin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparmasını, qapılarını könüllülərə açmasını, itlərimizə nə edildiyi haqqında bizə məlumat verməsini tələb edir və mərkəzin səlahiyyətli şəxslərini ictimaiyyətdən gizlənməməyə çağırırıq".