İfratçı vəhhabilər və cahiliyyət dövrünə qayıdış

Bağışlayan və Mehriban Allahın adı ilə

İfratçı vəhhabilər və cahiliyyət dövrünə qayıdış

Bu məqalə bir qrup İslam aliminin nəzərləri əsasında yazılıb

İslam mütəfəkkirlərindən bir çoxu ifratçı vəhhabilərin etiqadi, əxlaqi və əməli baxımdan hərəkətlərini bir cəhətdən ərəblərin cahiliyyət dövrünə qayıdış kimi qiymətləndirirlər. Çünki bu ifratçılar o dövrün bir çox xüsusiyyətlərinə malikdirlər. Bu barədə olan alimlərin gətirdikləri dəlilləri oxucuların nəzərinə çatdırır və bu barədə insaflı mühakiməni əziz oxucuların öz öhdəsinə buraxırıq:

1. Cahil ərəblərin ən bariz sifətlərindən biri saya-hesaba gəlməyən şiddət və vəhşilikdir. Onlar insan öldürməkdən ləzzət alırdılar. İllərlə onların arasında qan tökmək səngimədi.

Müxtəlif təfsirlərdə Ali İmran surəsinin 103-cü ayəsinin[1] təfsiri haqqında gəlmişdir ki, Mədinədə iki böyük qəbilə - Ovs və Xəzrəc qəbilələri arasında qanlı müharibələr getmiş və bu müharibələr 120 il davam etmişdir.[2]

Həmçinin İbn Əsir öz Kamil ət-Tarix kitabında cahiliyyət dövründə 60 mühüm müharibənin adını çəkmişdir. Belə ki, bu müharibələrdə minlərlə insan həyatını itirmişdir. [3]

Əlbəttə ki, kiçik və böyük müharibələrin sayının 1700 olduğu da sabit olmuşdur.[4]

Həmçinin nəql olunmuşdur ki, bir gün Peyğəmbər (s) səhabələri üçün cənnət və onun nemətlərindən danışırdı. Birdən bir cahil ərəb o Həzrətdən (s) soruşdu: Orada müharibə və qan tökmə varmı? Həzrətdən (ə) mənfi cavab eşitdikdə isə dedi:

إذَنْ لاخَيْرَ فيها

Onda cənnətdə heç bir xeyir yoxdur.[5]

Onlar öz övladlarını diri-diri torpağa basdırır və bununla fəxr edirdilər. Təfsirçilər Təkvir surəsinin 8-9-cu ayələrinin[6] təfsirində cahil ərəblərin qız uşaqlarını diri-diri basdırması haqqında hekayələr söyləmişlər.[7]

Qeys ibn Asim bir gün Peyğəmbərin (s) yanına gəlib dedi: Mən cahiliyyət dövründə 8 qızımı diri-diri basdırdım. Peyğəmbər (s) buyurdu: O qızların hər birinə görə bir qul azad et![8] İbn Kəsirin təfsirində gəlmişdir ki, Qeys dedi: Mən 12 və ya 13 qızımı diri-diri dəfn etdim...

Ərəb qəbiri “kürəkən” adlandırmışdı. Çünki qızları orda diri-diri dəfn edirdilər[9]

İslam dini “(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.”[10] şüarı və Allahın rəhman və rəhim sifətinin hər namazda deyilməsinin lazım olmasını ortaya atması ilə bu pis adətlə mübarizəyə qalxdı və ona qələbə çaldı. Bununla da ilahi rəhmət və mehribanlıq İslam mühitini başdan-başa əhatə etdi.

Əziz Peyğəmbərimiz (s) rəhmət peyğəmbəridir. O Həzrət (ə) döyüşlərdə uşaqların, günahsız insanların, hətta heyvanların və ağacların haqqına riayət etməyi tapşırırdı. Əmirəl-möminin Əli (ə) özünün Malik Əştərə yazdığı məşhur məktubunda (53-cü məktub) buyurur: İstər müsəlman olsun, istərsə də qeyri müsəlman, hər kəslə məhəbbətlə davran! Çünki onlar iki sinifdir: Ya müsəlmandır, onlar sənin din qardaşındır, ya da yaradılışda sənin kimidirlər. Lakin ifratçı vəhhabilər onların həmfikri olmayan hər kəsin malını, canını və namusunu mübah hesab edir. Bu ifratçı cərəyanın ardıcılları hər gün günahsız insanların – şiə, sünni, qadın, uşaq, hətta südəmər körpələrin qanını axıdır və bacardıqları hər yeri yandırırlar. Hətta cahiliyyət dövründə adət olmayan ən qorxulu cinayətləri belə icra edirlər. Onlar aşağıdakı bu ayənin açıq-aşkar nümunəsidirlər:

ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَلِكَ فَهِىَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً

Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu.[11]

Bu o yerə çatdı ki, yadlar bu şüarı səsləndirdilər: İslam – yəni vəhşilik və adam öldürmək!

Sonda Ərəbistanda Əhli beyt (ə) məktəbinin əleyhinə keçirilən bir konfransda vəhhabilərin bir sıra alimnümalarının özlərinin bir sıra vəhşilikləri, böyük-kiçik bilmədən, hətta südəmər uşaqların öldürülməsi barəsində olan çıxışları onların qəlbinin son dərəcə bərkiməsindən və cahiliyyət xüsusiyyətlərinin onlarda hələ də diri qalmasından xəbər verir.

Bu konfransda Səudiyyə ali fətva heyətinin üzvü Saleh əl-Fovzan çıxışı zamanı bu ölkənin hakim dairələrindən tələb etmişdi ki, Qətifdə, Mədinədə və digər yerlərdə məskunlaşan şiələri İslama (!) dəvət etsinlər və məcburi olaraq onlara sələfiliyi qəbul etdirsinlər.

Bu konfransda Abdullah ibn Cibrin də öz çıxışında Əhli beyt (ə) məktəbinin ardıcılları ilə düşmənçilik etmək, onları təhqir etmək istəmiş və demişdi: “Şiələrə məsciddə namaz qılmağa icazə verilməməli, onlarla sərt davranılmalıdır.” Sonra isə o, belə demişdi: “Gərək Allaha yaxınlaşmaq qəsdi ilə şiə balaları universitetlərdə sıxışdırılsın və lazım olan anda onların öldürülməsi vacibdir.”

Nasir Ömər adlı vəhhabilərdən biri isə çıxışı zamanı İraq camaatı ilə bağlı olub. Belə ki, o, yaddaş dəftərçəsindən bunları oxuyub: “Onlara Həcc ziyarətini yerinə yetirməyə mane olmalı, Ərəbistanda kitab, qəzet, jurnal çap etmələrinin və yaymalarının qarşısı alınmalıdır.”

Bunu da demək lazımdır ki, həmin konfransda Riyazın əmiri Salman ibn Əbdüləziz də iştirak etmişdi. (MARSAD IRAQ.NET shia-news.com 1386 h. ş).

Bu qeyri-insani hərəkət təkcə şiələrə aid deyil. Taifdə və digər məntəqələrdə qan gölməçələrinin yaranması keçmiş tarixdə qeyd olunmuşdur və bu dediklərimizə başqa bir şahiddir.

İraqın əhli sünnə alimlərindən olan Cəmil Sidqi Zəhavi sünnilərin yaşadığı Taif şəhərinə vəhhabilərin hücumu barədə yazır: “Vəhhabilərin ən pis əməllərindən biri də onların 1217-ci ildə Taifdə kütləvi şəkildə qətliam törətməsidir. Belə ki, onlar böyük-kiçiyə rəhm etmədilər, südəmər körpələrin başlarını analarının qucaqlarında kəsdilər. Quran oxumaqlar məşğul olan, məsciddə namaz qılanları qətlə yetirdilər. Əllərinə keçən kitabları, o cümlədən, Quran, Səhih Buxari, Səhih Müslim və digər hədis və fiqh kitablarını küçə və bazarlara tökərək hamısını məhv etdilər.”[12]

Məkkə müftisi Zeyni Dehlan da bu hadisələri öz kitabında gətirmişdir.[13]

Qalib Məhəmməd Ədib Cəbərtinin tarixindən nəql edir ki, vəhhabilər üç gün Taifi qarət etdilər, kişi, qadın, böyük və kiçikləri öldürdülər.[14]

Özü vəhhabi olan Səlahəddin Muxtar yazır: “1216-cı ildə Səud əmiri Nəcd, Hicaz, cənub və digər məntəqələrdən olan köçərilərdən ibarət bir ordu ilə İraqa tərəf hərəkət etdi. Ordu Zilqədə ayında Kərbəlaya çatdı. Şəhərin bütün qalalarını dağıtdılar, küçə və bazarlarda olan camaatın çoxunu qırdılar. Günortaya yaxın çoxlu qənimətlərlə şəhərdən çıxdılar. Onlar qarət olunmuş xumsları da özlərinə götürdülər. Qalanlarını isə hər piyadaya bir pay, hər süvariyə isə iki pay olmaqla ordu arasında bölüşdürdülər.”[15]

Vəhhabi tarixçilərindən olan Şeyx Osman Nəcdi yazır: “Vəhhabilər Kərbəlaya qəflətən girdilər. Küçə-bazarda olan bir çoxunu qətlə yetirdilər. İmam Hüseynin (ə) zərihini dağıtdılar. Onun içindəkiləri qarət etdilər. Şəhərdə də əllərinə nə keçdisə, o cümlədən mal, silah, paltar, qızıl, xalça və nəfis Quranları qarət etdilər. Günortaya yaxın şəhərdən çıxdılar. Nəticədə onlar Kərbəla camaatından 2000 nəfəri qətlə yetirdilər.”[16]

Bəli, bu hərəkətlər cahiliyyət dövrünün ərəblərinin pis xasiyyətlərindəndir və vəhhabilər də bu xüsusiyyəti təzələdilər.

2. Cahil ərəblər haqq söz eşitməkdən nifrət edirdilər. Buna görə də Peyğəmbər (s) Quran oxuyarkən bir-birinə tapşırırdılar ki, səs-küy salsınlar və bununla da heç kəs Quran ayələrini eşitməsin. Bu barədə Qurani-Kərim belə buyurur:

وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَسْمَعُوا لِهَذَا الْقُرْآنِ وَالْغَوْا فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ

Küfr edənlər dedilər: “Bu Qurana qulaq asmayın və (oxunan zaman) ona bihudə və puç sözlər atın ki, bəlkə qalib gəldiniz.”[17]

 

Bu gün ifratçı vəhhabilər öz müxaliflərinin əleyhinə yüz minlərlə yalan və iftiralarla dolu kitablar çap edib, onları zorla camaata paylayırlar. Lakin hətta o kitablara cavab olaraq, bir cild kitabın çap olunmasına icazə vermirlər. Hicazda heç kəsin haqqı yoxdur ki, onların şübhələrinə cavab olaraq dəlilli-sübutlu, məntiqli bir kitab yazıb çap etsin. Əgər ölkə xaricindən kimsə belə bir kitab ölkəyə gətirsə, dərhal tutulub həbs edilir. Həqiqətdə onlar bütün güc və imkanları ilə öz ideologiyalarını təbliğ edirlər. Lakin nə özlərinin məntiqi cavabları eşitməyə eşidən qulaqları var, nə də ki, başqalarına bu cavabları eşitməyə imkan verirlər.

3. Ərəb müşrikləri özlərinin xeyrinə olan Quran ayələrini qəbul edir, özlərinə ziyan olan ayələri isə inkar edirdilər. Onlar “bəzi ayələrə iman gətiririk, bəzilərini isə inkar edirik”[18] üsulundan istifadə edirdilər.

Bu günkü vəhhabilər də Quran ayələri ilə belə rəftar edirlər. Məsələn Peyğəmbər (s) və Əhli beytin (ə) şəfaət məsələsini inkar etmək üçün “De: Şəfaət və vasitəçilik bütünlüklə (istər səbəb və nəticələr arasındakı icbari vasitəçiliklər, istərsə də axirət aləmindəki şəfaətlər) Allaha məxsusdur”[19] ayəsinə əsaslanır, lakin Allah övliyalarının şəfaətindən açıq-aşkar danışan “İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?!” kimi ayələri isə unudurlar.

4. Cahil ərəblər təzə müsəlman olanlara işgəncə verir və onları dinlərini dəyişməyə məcbur edirdilər. Əlbəttə ki, siz Əmmar Yasirin işgəncə və anasının şəhadət hadisəsini, eyni zamanda Bilalın və digər müsəlmanların məğrur ərəblər tərəfindən işgəncələrə məruz qalması hadisələrini eşitmisiniz.

Təkfirçi vəhhabilər də müsəlmanları ölüm təhdidi ilə əqidələrini dəyişməyə və öz ideologiyalarını qəbul etməyə vadar edirlər. Onlar vəhhabi olmayanların əməllərini düzgün hesab etmir, keçmişdə də çox şahidi olmuşuq ki, onlar öz müxaliflərinə Mədinə məscidində şallaq vururdular.

Məkkə müftisi Əhməd Zeyni Dehlan yazır: Əgər vəhhabi məzhəbini qəbul edən kəs əvvəl Həcc ibadətini yerinə yetiribsə, Məhəmməd ibn Əbdülvəhhab onun haqqında belə yazır: “Gərək Həcci ikinci dəfə yerinə yetirəsən, çünki sənin əvvəlki Həcc ibadətin şirk halında yerinə yetirilib.” Vəhhabiyyətə gələn adama isə deyir: “Kəlimeyi şəhadəti deyəndən sonra gərək əvvəllər kafir olduğunu iqrar edəsən. Ata-ananın da kafir halda öldüyünə şəhadət verəsən. Həmçinin, gərək yenə şəhadət verəsən ki, keçmiş alimlər kafir halda ölüblər. Əgər o, bunlara şəhadət verməsə, öldürülməlidir.” Məhəmməd ibn Əbdülvəhhab vəhhabi məzhəbində olmayanları müşrik sayır, onun can, mal və namusunu halal hesab edirdi. Bəli, o, bu əqidədə idi ki, keçmişdə olan bütün müsəlmanlar kafir imiş.[20]

Bu gün də Bəqi qəbiristanlığının yaxınlığında uca səslə ziyarətnamə oxuyanları həbs edir, ona işgəncə verirlər. Onlara deyirlər ki, əgər bu işinə görə peşmançılığını dilə gətirməsən, səni buraxmayacağıq.

5. Cahil ərəblər haram aylara (o aylarda döyüşmək haramdır) əhəmiyyət vermirdilər və öz istəklərinə uyğun onu dəyişirdilər.[21]

Bugünkü təkfirçi vəhhabilər ərəb cahillərindən də betərdir. İraqda onların törətdiyi kütləvi qırğınlar heç vaxt səngimir. Əfqanıstanda Taliban hökuməti də elə idi.

6. Cahil ərəblər məscidləri dağıtmağa çalışırdılar. “Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır”[22] ayəsinin təfsirində gəlmişdir ki, müşriklər müsəlmanlar hicrət edəndən sonra onların ibadət ocaqlarını viran edirdilər.[23]

Bugünkü vəhhabilər də fətva verirlər ki, Əhli-beyt (ə) davamçılarının məscidlərini, ən böyük ibadət ocaqlarından olan Əhli-beyt (ə) fərdlərinin ziyarətgahlarını dağıtsınlar. Həmçinin, neçə il əvvəl Mədinədə İmam Əli (ə) və Həzrət Zəhra (ə) (Bunlar 7 məsciddən hesab olunur) məscidlərini də dağıtmışdılar.

7. Cahil ərəblər öz nadanlıqları ucbatından özlərini ən ağıllı hesab edir, müsəlmanları isə səfeh hesab edirdilər. Allah-Təala buyurur:

وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ كَمَا آمَنَ النَّاسُ قَالُواْ أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاء

Onlara “siz də camaat kimi iman gətirin” deyildikdə (öz qəlblərində) deyərlər: “Biz də səfehlər kimi iman gətirək?!”[24]

Təkfirçi vəhhabi alimnümaları da özlərini hamıdan – istər şiə alimi olsun, istərsə də sünni alimi - alim hesab edir, böyük İslam alimlərini cahillik və nadanlıqda günahlandırırlar.

8. Cahil ərəblər qadınlara zərrə qədər dəyər vermirdilər. Onlara qızının olması barədə xəbər verəndə, onların üzü qəzəbdən qaralar, bir müddət camaatdan gizlənərdilər. Sonra isə əllərinə imkan düşən kimi qızlarını diri-diri torpağa dəfn edərdilər. Qurani-Kərim bu barədə buyurur:

وَإِذَا بُشِّرَ أَحَدُهُمْ بِالأُنثَى ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ يَتَوَارَى مِنَ الْقَوْمِ مِن سُوءِ مَا بُشِّرَ بِهِ أَيُمْسِكُهُ عَلَى هُونٍ أَمْ يَدُسُّهُ فِي التُّرَابِ أَلاَ سَاء مَا يَحْكُمُونَ

Onların birinə qız(ının olması) müjdəsi verilən zaman, qəzəb onu boğduğu halda (acıq və hiddətin çoxluğundan) üzü qaralar. O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar![25]

 

Vəhhabilər də qadınlar üçün heç bir haqq tanımırlar. Qadınların nə ictimai fəaliyyət hüququ, nə səsvermə hüququ, hətta kamil hicaba riayət etməklə belə olsa da, sürücülük hüquqları belə yoxdur.

İndi siz özünüz mühakimə edin! İfratçı vəhhabilər cahiliyyət dövrünə qayıtmayıblarmı?

Biz ümid edirik ki, onlar daha bundan artıq özlərinə və İslam dünyasına zülm etməzlər. Onlar “Buna görə də müjdə ver Mənim bəndələrimə! Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsl ağıl sahibləri!” ayəsinə uyğun olaraq istər sünni, istərsə də şiə alimləri ilə masaya oturar, onların aydın fikirlərini eşidər, özlərinin təhlükəli səhvlərini başa düşər, İslam dünyası ilə qarşılıqlı anlaşma yolunu özləri üçün seçər, İslam düşmənlərinin rəhmət və mərhəmət dolu dini təlim və maariflə bol olan İslamın vəhşilik dini olması ittihamlarını silərlər.

وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

Həqiqətən, Biz öz sözümüzü (Qur’anın ayələrini və surələrini) bir-birinin ardınca və bir-biri ilə əlaqəli halda (bir neçə il ərzində ardıcıl) onlara yetirdik, bəlkə, öyüd-nəsihət alsınlar.[26]

 

 

Tərcümə etdi: Şeyx Fərhad Mirzə

 

[1] Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.

[2] Cami əl-bəyan c. 4, s. 46;Əd-Durr əl-mənsur, c. 2, s. 61; Təfsir əl-Bəğəvi, c. 1, s. 333; Fəth əl-qədir, c. 1, s. 369; Ruh əl-məani, c. 4, s. 19

[3] Kamil, İbn Əsir, c. 1, s. 321, 448, Beyrut çapı, Dar ihya ət-turas əl-ərəbi, 1408 h. q.

[4] Əl-Ərəb qəbl əl-İslam, s. 128

[5] Pəyame Əmriəlmöminin (ə), c. 2, s. 112

[6] Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman “Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?”- deyə soruşular.)

7  Cami əl-bəyan, c. 30, s. 91; Təfsir İbn Əbi Hatəm, c. 10, s. 3403; Təfsir Qurtubi, c. 19, s. 233; Təfsir İbn Kəsir, c. 2, s. 186 və c. 4, s. 510; Təfsir Alusi, c. 30, s. 54

8 Cami əl-bəyan, Təbəri, c. 30, s. 91; Təfsir Qurtubi, c. 19, s. 233

9 Bihar əl-ənvar, c. 73, s. 344

10 Ənbiya, 107

 

 

[11] Bəqərə, 74

[12] Əl-Fəcr əs-sadiq, s. 22)

[13] Əd-Durər əs-sunniyyə. s. 45

[14] Əxbar əl-Hicaz və Nəcd fi tarix əl-Cəbərti, s. 93

[15] Tarix əl-məmləkə əs-Səudiyyə

[16] Unvan əl-məcd fi tarix ən-Nəcd, c. 1, s. 121, 1216-cı ilin hadisələri

[17] Fussilət, 26

[18] Nisa, 150

[19] Zumər, 44

[20] Əd-durər əs-sunniyyə, c. 1, s. 41; Əl-fəcr əs-sadiq, Cəmil Sidqi Zəhavi, s. 17

[21] Haram aylar dörd aydır: Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb. Bu dörd ayda ərəblər müharibə etməyi haram hesab edirdilər. Lakin müharibələr onların dolanışığının bir hissəsi olduğu üçün 3 ay ardıcıl döyüşməmək onlara çətin olurdu. Buna görə də onlar bu ayların yerini dəyişir, başqa aylarda döyüşməyi haram hesab edirdilər. Allah-Təala bu barədə Quranda buyurur: “Həqiqətən (haram ayları) təxirə salmaq (və onların yerlərini dəyişdirmək) küfrü artırmaqdır (etiqadi baxımdan küfr olmaqdan əlavə, əməldə bidətdir) ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal və bir il haram sayırlar (məsələn, bir Şə’ban ayını Rəcəb ayının yerinə haram və Rəcəb ayını isə halal edirlər) ki, sizinlə və Allahın haram etdiyi ilə uyğunlaşsınlar (və bir ildə dörd haram ay olsun), amma (nəticədə) Allahın haram etdiyini halal edirlər. Əməllərinin çirkinliyi onlar üçün zinətlənmişdir. Allah kafirlərin dəstəsini hidayət etməz. (Tövbə, 37)

22 Bəqərə, 114

23 Bu ayənin təfsiri haqqında Məcməul-bəyan təfsirində belə yazılmışdır: Rəvayətlərdə gəlmişdir ki, müsəlmanlar Mədinəyə hicrət edəndən sonra müşriklər onların ibadət etdikləri yerləri dağıtdılar.

 

 

[24] Bəqərə, 13

[25] Nəhl, 58-59

[26] Qəsəs, 51