İnfeksionist: Universitetlərdə əyani tədris başlaya bilər

“Universitetlərdə tələbələrdən vaksin pasportu tələb edildiyi üçün tədris əyani şəkildə başlaya bilər", - bunu “Toplum TV”-yə infeksionist Mərdan Əliyev deyib.
 
Son zamanlarda sosial mediada tədrisin əyani və yaxud online başlayacağı mövzusunda müzakirələr gedir.
 
Operativ Qərargahdan avqustun 18-də verilən məlumata görə, Azərbaycanda gün ərzində 4 129 nəfər koronavirus infeksiyasına yoluxub.
 
Ölkədə hər iki mərhələ üzrə 2 406 267 nəfər vaksinasiya olunub.
 
M.Əliyev deyir ki, hazırda kütləvi vaksinləmə göstəricisi orta məktəb və bağçalarda əyani təhsilin bərpası üçün kifayət deyil: “18 yaşdan aşağılarda peyvəndlənmə prosesi aparılmadığı üçün onların yoluxma ehtimalı çoxdur. Nəzərə alsaq ki, onlar qrup şəklində dərs keçirlər. Tədris məktəblərdə əyani şəkildə başlasa, yoluxma sayını kəskin artıra bilər. Düşünməliyik ki, qarşıdan payız fəsli gəlir və virusun göstəricisi arta bilər. Ona görə də əyani təhsil tövsiyə olunmur”.

“Əyani təhsilə alternativ variant onlayn təhsildir. Onlayn təhsil əyani təhsil qədər effektiv olmasa da, belə bir şəraitdə bu variant kifayət qədər effektiv üsuldur. İndiki zamanda qorunmaq təhsildən önəmlidir”, - infeksionist belə deyib.

Təhsil eksperti Nabatəli Qulamoğlu hesab edir ki, onlayn tədris təhsil alanların hüquqlarını pozmur: “Təhsil hüququ o vaxt pozula bilər ki, üz-üzə təhsil üçün şərait yaransın, ancaq dövlət onlayn tədrisdən istifadə etsin. Ancaq hazırki zamanda dünyanın hər yerində koronavirus infeksiyasına görə onlayn təhsildən istifadə edilir”.
 
N.Qulamoğlu deyir ki, rəsmi qurumlar təhsillə bağlı görüləcək işləri tam yerinə yetirə bilmirlər: “İlk növbədə ucqar rayonlarda problem yaşanır. Əgər şagirdlər tədris üçün onlara lazım olan ləvazimatlarla, yəni kompüter, telefonla təchiz olunmursa, onlayn təhsildən söz gedə bilməz”.
 
Təhsil eksperti Elşən Qafarov da onlayn tədrisin təhsil hüququnu pozmadığını deyir: “Birinci növbədə hər bir dövlətin ən böyük vəzifələrindən biri də vətəndaşların sağlamlığını qorumaqdır. Atılan addımlarda vətəndaşların sağlamlı ilə bağlıdır. Ona görə də burada hüquq pozuntusundan söz gedə bilməz”.

“Bizim hədəfimiz üz-üzə təhsil formasıdır. Bununla bağlı qərarlarda yaxın müddətdə, yəqin ki, veriləcək”, - bunu “Toplum TV”-yə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
 
C.Valehov deyir ki, əyani təhsilin açılması üçün lazımi addımlar atılır: “Məktəblərdə infrastrukturun qurulması, müəllimlərin vaksinlənməsi və bu sahədə valideynlərlə təbliğatın aparılması prosesi gedir. Valideynlər də vaksinasiya prosesində iştirak etməlidirlər və edirlər də. Çünki müəllimlərlə yanaşı, valideynlərin də vaksin olunması zəruridir”.
 
Tədris müəssisələrində "Ekspress-test" sisteminin tətbiqi nəzərdən keçirilirmi?
 
E.Qafarov hesab edir ki, "Express-test" sistemi Azərbaycan reallığına uyğun deyil: “Bütün məktəblər temperatur ölçən aparatla təmin olunub. İşçilərdə və ya şagirdlərdə temperatur aşkar olunan zaman dərhal yerli epidemioloji mərkəzə məlumat verilir və həmin ailə dərhal nəzarətə götürülür. Düşünürəm ki, Azərbaycan reallığında bu qaydalar epidemioloji vəziyyətə nəzarət etmək üçün kifayətdir”.

Cəsarət Valehov da deyir ki, Azərbaycanda "Ekspress-test" sistemindən istifadə mövcud deyil.
 
"Ekspress-test" nədir?
 
Müntəzəm ekspress-testlər yoluxmuş uşaqları onların müəllimlərini, sinif yoldaşlarını və valideynlərini təhlükəyə məruz qoymadan tez bir zamanda müəyyən etməyə imkan verir.
 
"Ekspress-test" sistemi artıq bəzi ölkələrdə tətbiq olunur. Bu su sistemdə bütün şagirdlərin həftədə iki dəfə məcburi testdən keçirilməsi tələb olunur. Əgər şagirdlərdən birinin testi pozitiv olarsa, bütün sinif karantinə göndərilir.