İqtisadçı: Aİ-95 və Aİ-98 benzininin bahalaşması ekoloji problemə səbəb ola bilər

"Zəif oktanlı yanacaq istifadəsi ətraf mühitə daha çox zərər vurur"

“Aİ-95 və Aİ-98 benzininin bahalaşması avtomobillərin təmiri istiqamətində tələb formalaşdıra, qismən qiymət artımına şərait yarada bilər”.

İqtisadçı-ekspert Rəşad Həsənov Meydan TV-yə Aİ-95 (“Premium”), Aİ-98 (“Super”) markalı yanacağın Azərbaycanda qiymətinin qalxmasını şərh edərkən belə deyib.

“Aİ-95 və Aİ-98-nin bahalaşması Aİ-92-nin istifadəsinə meyilliliyi artıra bilər. Aİ-92 markalı benzində istifadə isə yüksək standartlara cavab verən avtomobillərin texniki nasazlığına səbəb olacaq”, - deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, burada ekoloji faktor da önəmlidir: "Artım avtomobil istifadəçiləri üçün müəyyən qədər ailə büdcələrinin maliyyə yükünün artması ilə yanaşı, hava çirklənməsinə də səbəb olacaq. Zəif oktanlı yanacaq istifadəsi ətraf mühitə daha çox zərər vurur. Atmosferə atılan tullantıların həcmi çoxala bilər".

İyunun 2-dən Azərbaycanda “Aİ-95” və “Aİ-98” benzinin qiyməti qalxıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirilib ki, “Aİ-95” və “Aİ-98” markalı benzinlər ölkəyə idxal olunduğuna görə onların qiyməti dünya bazarlarından asılıdır. Dünya bazarlarında hansı qiymət olarsa, Azərbaycanda da qiymət o şəkildə tənzimlənir.