İqtisadçı: Əhaliyə maska pulsuz paylanılmalıdır

"Azərbaycanda maska xeyli bahadır"

Pandemiya dövründə Azərbaycana 26,7 milyon ABŞ dolları dəyərində tibbi maska və respirator idxal edilib. Apteklərdə 77,6 milyon ədəddən çox tibbi maska satılıb.

Ölkədə istehsal olunan maska sayı isə 38,6 milyon civarındadır. Hazırda satış müəssisələrinin depolarında 4,1 milyon ədəd tibbi maska var.

İqtisadçı Natiq Cəfərli deyir ki, ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşlarının maska taxmadığını nəzərə alsaq, deməli, təqribən, 8,5 mln. əhali il ərzində maska taxmalı idi: “Tibbi maskaların hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir. Ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində, ən azı, 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5*3= 25,5 mln. ədəd, ay ərzində 765 mln. ədəd, il ərzində isə 9 milyard 180 mln ədəd maska istifadə edilməli idi. Bizdə 1 ilə 77,6 mln. maska satılıb. Bir nəfərə ilə 9 maska düşür”.

İqtisadçının hesablamalarından belə aydın olur ki, hər bir vətəndaş 1 maskanı 40 gün istifadə edib: “Bu bilirsiniz nə deməkdir? Maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait də yaradır. Əhaliyə pulsuz maska paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun”.

Natiq Cəfərli bildirir ki, hər vətəndaşa ayda heç olmasa, 10 maska pulsuz verilməlidir: “Camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır, bu, zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir. Üstəlik, açıq havada maska taxmaq tələbi də ləğv edilməlidir, yazıqdır bu millət”.

İqtisadçı Qubad İbadoğlu isə müxtəlif ölkələrdə maskaların neçəyə satılmasını araşdırıb. Məlum olub ki, Azərbaycanda maska xeyli bahadır:

“1 dollara Qazaxıstanda 42, Rusiyada 35, Ukraynada 18, Türkiyədə 20, Gürcüstanda 17, Fransada 10 ədəd yerli istehsal olan tibbi maska almaq mümkün olduğu halda, Azərbaycanda həmin pula cəmi 7 maska düşür. Sonra da deyirlər ki, yerli istehsaldır. Bu istehsal kimin üçündür, qazanan kimdir?”

Azərbaycanda tibbi maska istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC və “Gilan Tekstil Park” MMC məşğul olur.