İsrail qüvvələri Əl-Cəzirə müxbirinin öldürüldüyü Cenin şəhərinə yenidən basqın edib

İsrail ordusu mayın 11-də Əl-Cəzirə telekanalının veteran qadın müxbiri Şirin Əbu Aqilənin öldürüldüyü işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə yenidən basqın edib.
Fələstin dövlət televiziyasının xəbərinə görə, İordan çayının qərb sahilində bir fələstinlini əsir götürmək üçün Cenin Qaçqınlar Düşərgəsində bir evi mühasirəyə alan İsrail qüvvələri ilə bəzi silahlı fələstinlilər arasında qarşıdurma baş verib.
Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumata görə İsrail işğalçı qüvvələri bu gün (13 may) səhər saatlarında Cenin qaçqın düşərgəsində mühasirədə olan evi Enerqa tipli tank əleyhinə raketlərlə atəşə tutub. İşğalçıların hücumu səbəbindən düşərgədə baş verən qarşıdurmada 6 fələstinli yaralanıb.
Fələstin İnformasiya Mərkəzi müxbirinin verdiyi məlumata görə, Cenin qaçqınlar düşərgəsinə daxil olan işğalçı qüvvələr Hədəf Bölgəsində axtarışda olduğu deyilən Mahmud Əd-Dəbainin evini mühasirəyə alıb. Bu vaxt ətrafda toqquşmaların başladığı və şiddətli atəş səslərinin eşidildiyi bildirilib.
İşğalçı qüvvələr sözügedən evə raket zərbələri endirməyə başlayıb. Bu arada ətrafdakı binaların damına snayperlərin yerləşdirildiyi bildirilib. Düşərgə daxilində də işğalçı qüvvələrlə toqquşmalar davam edir, işğalçılar düşərgə sakinlərinə odlu silahlarla hücum ediblər.
Müqavimət qüvvələrinin də işğalçı qüvvələrin hücumuna cavab verdiyi, bir qrup işğalçının isə mühasirəyə alınan evin ətrafında yaralı əsgəri sürüklədiyi görülüb.
Hücumdan sonra işğal qüvvələri bir neçə zirehli texnika ilə qorunan buldozeri mühasirədə olan və qara tüstünün qalxdığı evin ətrafına gətirib.
İşğal qüvvələrinin ələ keçirmək istədikləri Mahmud Əd-Dəbaini təslim olmağa məcbur etmək üçün onun anasını girov götürdüyü bildirilib.
İşğalçıların ilkin tibbi yardım briqadalarını da girov götürdükləri və yaralılara kömək etmələrinə mane olduqları bildirilib.
Fələstin İnformasiya Mərkəzi