Əli Həsənovun oğlunun məhkəmədə dindirilməsi tələb olundu

Vüqar Səfərlinin məhkəmə istintaqı başlayıb

Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə mühakimə olunan daha 10 nəfərin işi üzrə avqustun 20-də məhkəmə istintaqı başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Paşayevin sədrlik etdiyi hakimlər heyəti baxır.

Avqustun 20-də məhkəmədə vəkillər vəsatət qaldırıb ki, uzun illər Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə rəhbərlik etmiş, prezidentin köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənov və baldızı Gülər Vəliyeva məhkəmədə dindirilsin. Vəkil vəsatəti əsaslandırarkən deyib ki, Vüqar Səfərovun rəhbərliyi dövründə Fonda ayrılan vəsaitlərin xərclənməsi və başqa görülən işlərin hamısı bu şəxslərin iştirakıyla həyata keçirilib. Müdafiəçinin fikrincə, obyektiv, hərtərəfli araşdırma aparmaq baxımından bu şəxslərin dindirilməsi vacibdir.

Hakimlər vəsatətin baxılmamış saxlanmasına qərar verib. Hakim qərarı əsaslandırarkən bildirib ki, öncə ittiham tərəfin təqdim etdiyi əsas şahidlər dindirilməlidir. Bundan sonra əlavə şahidlərin dindirilməsi mərhələsində bu barədə vəsatət qaldırılsa, məsələyə baxıla bilər.

Daha sonra məhkəmə istintaqının başlandığı bildirilib və prokuror ittiham aktını elan edib.

11 il Fondun icraçı direktoru olmuş Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. İddia olunur ki, Fondun həyata keçirdiyi bir sıra layihələrin icrası üçün tender yoluyla şirkətlər seçilməli olduğu halda, qanunvericiliyin bu tələbinə əməl olunmayıb. Tenderlər formal xarakter daşıyıb, jurnalistlər üçün binaların inşası zamanı tikinti normalarına əməl edilməyib, sənədlərdə işin həcmi, qiymətlər şişirdilib.

İstintaq zamanı təqsirləndirilən şəxslər ziyanın bir hissəsini ödəyib. Onlara məxsus bir sıra əmlakların, bankdakı vəsaitlərin üzərinə həbs qoyulub.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmayıb. Onların heç biri özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunub. Onlar ifadə verməyə hazır olmadıqlarını bildirərək, vaxt istəyiblər. Bu üzdən məhkəmə prosesi sentyabrın 3-nə qədər təxirə salınıb.

Təqsirləndirilən şəxslər arasında Vüqar Səfərli ilə yanaşı, “Jurnalist evi” MMC-nin direktoru, jurnalist binalarının keçmiş komendantı Bünyamin İsmayılov, Fondun keçmiş mühasibi Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı olmuş Bəxtiyar Fətullayev və Valeh Orucov da var.

Restoranların icarədarları və vəzifəli şəxsləri Fond rəhbərliyi ilə əlbir olub, orada keçirilən tədbirlər zamanı iştirakçı sayının artırılması, qiymətlərin şişirdilməsi yoluyla mənimsəmələrdə ittiham olunur.

Vüqar Səfərli və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə ittiham irəli sürülüb.

62 yaşlı Vüqar Səfərli 2009-cu ildə KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə bu vəzifədən azad edilib. O, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini olub. 2021-ci ildə - həbsindən sonra bu vəzifədən azad edilib.

Vüqar Səfərli həbsindən öncə verdiyi açıqlamalarda Fondda mənimsəmə hallarıyla bağlı iddiaları rədd edib.