Əli Kərimli: Əsas məqsədin MBH-ni zəiflətmək olduğuna şübhə etmirəm

AXCP-nin sədri Əli Kərimli Müsəlman Birliyi Hərəkatına qarşı təzyiqlərdən yazdı. O özünün rəsmi facebook səhifəsində son hadisələri qınadı:

 

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Razi Hümbətov Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmlə 6 il muddətinə azadlıqdan məhrum edilib. R.Hümbətov ötən ilin iyul ayında narkotik ittihamı ilə həbs olunmuşdu. Hərçənd ki, o, fəal ictimaiyyət arasında məhz narkomaniyaya qarşı mübarizə aparan bir şəxs kimi tanınıb.

R.Hümbətovun siyasi məhbus olmasına və onun həbsinin əsas məqsədinin MBH-ni zəiflətmək olduğuna şübhə etmirəm.

R.Hümbətovun son məhkəmə iclası zamanı hakimiyyət başqa bir rüsvayçılığa da qol qoyub. Məhkəmə binasının önündə R.Hümbətova mənəvi dəstək üçün toplaşan MBH üzvləri zorakılıqla saxlanılaraq ərazidən uzaqlaşdırılıb və inzibati cəza məqsədilə məhkəməyə aparılıb (onlardan birinə 30 sutka həbs verildiyi artıq bəllidir).

Bu arada Azərbaycana deportasiya edilmiş daha bir mühacir fəal həbs edilib. Almaniyadan deportasiya olunan Ziya İbrahmli məlumatlara görə, ötən gün elə aeroportdaca saxlanılıb. Bununla artıq 6-cı mühacir fəaldır ki, Azərbaycana qaytarılandan sonra həbs edilir. Avropa dövlətləri və beynəlxalq qurumlar Azərbaycan hakimiyyətinin geri göndərilən mühacirləri təqib etməyəcəyi öhdəliyini açıq şəkildə pozduğunu nəzərə alıb, azərbaycanlı mühacirlərlə bağlı qərarlarında diqqətli və həssas olmalıdır.

Azərbaycan hakimiyyəti isə dünyanın ciddi dəyişikliklər içində olduğu indiki vaxtda da öyrəşdiyi zorakılıq və repressiya siyasətini davam etdirməyin yanlış və həm də özü üçün təhlükəli olduğunu nəhayət anlamalıdır.

Əliyev hökuməti siyasi məhbusları dərhal azad etməli, polis zorakılığından imtina etməlidir. Ölkədə siyasi azadlıqlar, rəqabət mühiti bərpa olunmalı, ölkə inkişafının önü açılmalıdır. Bütün mədəni dünyanın da, ən əsası isə Azərbaycan xalqının da tələbi budur.