Marneulidə sakinlər məscid tikintisinə icazə verilmədiyi üçün aksiya keçirib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Axlı Lələ kənd sakinləri məscid tikintisinə icazənin verilməməsi səbəbi ilə etiraz aksiyası keçiriblər.

APA-nın Gürcüstan bürosu “24news.ge” portalına istinadən xəbər verir ki, sakinlər bir ildən çoxdur ki, kənddə məscidin tikintisinin qarşısının alınması məqsədilə süni əngəllərin yaradıldığını bildiriblər.

Aksiyaya Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və idarənin digər əməkdaşları da dəvət olunublar. Hacı Ramin İgidov sakinlərlə görüşü zamanı qeyd edib ki, bu günədək istər Marneuli meriyası, istərsə də digər aidiyyəti orqanlara dəfələrlə şifahi və yazılı şəkildə müraciət edilərək məscidin tikintisi üçün icazə istənilib, lakin bir sıra süni problemlər əsas gətirilərək tikinti işləri dayandırılıb.

O əlavə edib ki, Gürcüstan Müsəlmanları İdarəsinin sonuncu məktubuna Marneuli meriyasından verilən cavabda bildirilib ki, tikinti aparılan ərazisi kənd təsərrüfatı təyinatlıdır və məscidin tikilməsi üçün əvvəlcə ərazinin təyinatı dəyişdirilməlidir.

Hacı Ramin İgidov bu tələbin yerinə yetirilməsindən sonra başqa maneələr çıxarılmayacağına ümidvar olduğunu qeyd edib.