Müsəlam Birliyi Hərəkatı bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatı Ruzi Hünbətovun saxlanılması ilə bağlı bəyanat yayıb.

 

Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən daxil olan bəyanatı təqdim edirik:

 

"Azərbaycanın gələcəyini təhlükə altına qoyan narkomaniya bəlası ölkəmizdə bəlkə tariximizin bu günü qədər dəhşətli hal almamışdır. Artıq hər günün sadə xəbər başlıqlarına çevrilən tonlarla becərilən, gətirilən, istehsal edilən narkotik tərkibli məhsulların çeşidi kimi yayım trayektoriyası da böyüməkdədir. Şübhəsiz rəqabətsiz biznes məhsulu olan narkorik vasitələrin qazancının kimlərin cibinə axdığı da bəllidir. Dövlət büdcəsini talamaqla yanaşı xalqın genefondunu öldürməyə çalışan bu iyrənc məxluqlar maddi asılılıq, düşüncə tərzinin itirilməsi ilə ölkənin gələcəyini məhvə aparır.
Bu ünsürlərə, onların narkotika, korrupsiya, rüşvətxor simalarına etiraz edənlər isə hələ də təzyiq altında və həbslərdədir. İki gün öncə narkomaniya və korrupsiya hallarına etiraz edən Müsəlman Birliyi Hərəkatının fəal üzvü Razi Karlar oğlu Hümbətov bu gün elə özünün mübarizəsinə qalxdığı saxta narkotik vasitələrin iddihamı ilə saxlanılıb. Bu siyasətlə hara gedib çıxacaqlarını görəsən hakimiyyət başında olanlar düşünürmü? Bu nifrətin nəticəsi olaraq Azərbaycanın dinc həyatını təhdid və təhlükə ilə qarşı-qarşıya qoyduqları məgər bəlli deyilmi?
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq hakimiyyətdən belə əməllərə son verməyi və Razi Hümbətov başqda olmaqla şərləyib həbs etdiyi dəyərli Azərbaycan vətəndaşlarını azad etməyi tələb edirik.
Baş verənlər bir daha təsdiq edir ki, MBH-nin müstəqil təşkilat kimi formalaşması və hər zaman haqq-ədalətin yanında olması hakimiyyəti bərk narahat edir. Sivil mübarizəyə dözümsüz olan iqtidar idarəçiləri belə qondarma cinayət işləri açmaqla hər zaman iğtişaş axtardığını və mürtəce idarəetmə üsulundan heç bir vəchlə vaz keçə bilmədiyini nümayiş etdirir.
Bu repressiyalara dərhal son qoyulmalıdır. Vətən müharibəsində hamıya bir daha bəlli oldu ki, Azərbaycanımızda möhkəm, əqidəli və mömin bir gənclik formalaşır. Görünür bundan kimlərsə narahatdır.
Nümunəvi və layiqli oğulları narkotik ittihamıyla şərləmək hakimiyyətin özünü ifşa etməsidir.
Onsuz da bu ittihamların saxta və gülünc olması hamıya bəllidir.
Bir daha bildiririk ki, MBH öz sivil mübarizə yolundan heç vaxt dönməyəcək və hər zaman haqqın carçısı olacaq".