Niyaz Niftiyev şərti cəza aldı

Binəqədi Bələdiyyəsinin həbsdə olan keçmiş sədri, “Azadinform” saytının baş redaktoru Niyaz Niftiyev avqustun 17-də məhkəmə zalından azadlığa buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Niyaz Niftiyev təqsirli bilinsə də, ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Niyaz Niftiyevə iki il şərti cəza verilib.

Onunla birlikdə mühakimə olunan iki nəfər - bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və bələdiyyənin vergiləri və yerli gəlirlər şöbəsinin keçmiş müdiri Sahib Abışova da eyni cəza kəsilib.

Niyaz Niftiyev və digər təqsirləndirilənlər haqqında hökm qüvvəyə minənə qədər başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Niyaz Niftiyevdən fərqli olaraq, digər təqsirləndirilən şəxslər istintaq və məhkəmə dövründə həbsdə deyildi.

Hökmdən əvvəl çıxış edən prokuror Niyaz Niftiyev də daxil olmaqla, bütün təqsirləndirilən şəxslərə şərti cəza təyin edilməsini istəyib.

Niyaz Niftiyevin vəkili onun təqsirsiz, ittiham aktında yazılanların isə əsassız olduğunu vurğulayaraq, onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Müdafiəçi bildirib ki, Niyaz Niftiyevin nüfuzu və ictimai fəaliyyəti var: “Niyaz Niftiyevi tanıyan şəxslər onun günahsız olduğunu bilir. Amma onu tanımayan insanlar düşünür ki, Niyaz Niftiyev həbsdədirsə, demək ki, günahkardır. Buna görə də məhkəmə Niyaz Niftiyev haqqında bəraət hökmü verməklə onun ictimai nüfuzunu qorumalıdır”.

Niyaz Niftiyev və digər təqsirləndirilən şəxslər də son sözlərində məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası təxminən 5 dəqiqəlik müşavirədən sonra hökmü elan edib.

Niyaz Niftiyev 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində qalib elan edilib və cəmi 3 ay Binəqədi bələdiyyəsində çalışıb. 2020-ci ilin aprelində isə həbs olunub. O, xüsusi karantin rejimi dövründə (SMS icazə qüvvədə olan vaxtlarda) müxtəlif adamlardan rüşvət alıb, onlara meyvə-tərəvəz satışı və s. işlərlə məşğul olmaları haqda saxta arayışlar verməkdə ittiham olunur.

Niyaz Niftiyev isə bu ittihamı rədd edir, heç kimdən rüşvət almadığını, kimsəyə də saxta arayış vermədiyini bildirir. O, heç bir cinayət törətmədiyi halda həbsdə saxlanmasına və məhkəmə prosesinin uzadılmasına etiraz olaraq, avqustun 10-dan aclıq aksiyası keçirirdi.

Məhkəmədə dindirilən şahidlər də Niyaz Niftiyevə rüşvət vermədiklərini bildiriblər.

Niyaz Niftiyev həm də Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub. O, “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif edilib.