Ölkədə ciddi bahalaşma - MÜNASİBƏT

Son həftələrdə demək olar ki, bütün məhsulların qiymətində artım var; ticarət şəbəkələrindəki inhisarçılıq yerli istehsalı boğan əsas amillərdən birinə çevrilib...

Azərbaycanda ilin əvvəlindən start götürən bahalaşma davam edir. Hətta yay aylarında belə qiymətlərdə artım dayanmayıb. Son həftələrdə isə demək olar ki, bütün məhsullarda bahalaşma var. Rəsmi rəqəmlərə istinad etsək, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2021-ci ilin iyul ayında istehlak qiymətləri indeksi iyun ayı ilə müqayisədə 0,9 faiz, 2021-ci ilin iyulu ilə müqayisədə isə 5,1 faiz artıb. 2021-ci ilin yanvar-iyul aylarında komitə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlərdə 4,5 faiz bahalaşma qeydə alıb.

 

Bu zaman ən çox bahalaşma ərzaq məhsullarında baş verib. Belə ki, 2021-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 6,4 faiz yüksək olub. O cümlədən cari ilin iyul ayında ötən ilin analoji dövrü ilə müqayisədə çörək, çörək məmulatları və yarmalar 5,8 faiz, ət və ət məhsulları 0,1 faiz, süd və süd məhsulları, yumurta 5,7 faiz, kərə və bitki yağları 8,7 faiz, meyvələr 1,5 faiz, tərəvəzlər 20,7 faiz, çay, qəhvə kakao 3,7 faiz, mineral sular, sərinləşdirici içkilər 4,6 faiz bahalaşıb. Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın, kələmin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, çayın, kola içkisinin, arağın, pivənin, ucuzlaşma isə əsasən yumurtanın, bananın, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, bibərin, badımcanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub.

 

İlin yeddi ayında Azərbaycanda istehsalçı qiymət indekslərində də artım davam edib. Statistika Komitəsi deyir ki, 2021-ci ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi cari ilin iyun ayı ilə müqayisədə 3,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,9 faiz, emal sənayesi üzrə 4,0 faiz artıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişməyib. Əvvəlki ayla müqayisədə istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 3,5 faiz, qeyri neft-qaz sənayesi məhsulları üzrə isə 1,1 faiz bahalaşma baş verib. Ötən ilin iyulu ilə müqayisədə isə sənaye məhsullarının istehsalçı qiymət indeksləri 56,2 faiz, bu ilin yanvar-iyulunda keçən ilin yanvar-iyulu ilə müqayisədə 54,1 faiz artıb.

 

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq məhsullarının istehsalçı qiymət indeksləri 2021-ci ilin iyul ayında əvvəlki ayla müqayisədə 0,5 faiz azalıb.

 

İdxal olunan məhsulların qiymət indeksləri 2021-ci ilin iyun ayında əvvəlki ayla müqayisədə 1,2 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,6 faiz, 2021-ci ilin yanvar-iyun aylarında 2020-ci ilin yanvar-iyun aylarına nisbətən isə 21,5 faiz yüksəlib.

 

İxrac olunan məhsulların qiymət indeksləri 2021-ci ilin iyun ayında əvvəlki ayla müqayisədə 3,9 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 46,4 faiz, 2021-ci ilin yanvar-iyun aylarında 2020-ci ilin yanvar-iyun aylarına nisbətən isə 44,5 faiz artım nümayiş etdirib.

 

Maraqlıdır ki, son aylarda dünyada bir çox ərzaq məhsullarının ucuzlaşması prosesi gedir. Belə ki,  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2021-ci ilin iyulunda Qlobal Qida Qiymətləri İndeksi 1,2 faiz azalaraq 123-ə düşüb. İndeks iyunda 124,6, mayda 127,8 idi.  Aylıq müqayisədə ərzaq qiymətləri düşsə də, illik müqayisədə 31 faiz artım qeydə alınıb.

 

FAO bildirir ki, iyulda qida məhsullarının ucuzlaşmasına taxıl, bitki yağları və süd məhsullarının dəyərinin enməsi təsir göstərib. Braziliyadakı iqlim şərtləri bir narahatlıq qaynağı olmağa davam etsə belə, Argentinada nəzərdə tutulandan daha bol məhsul və ABŞ-da artan istehsal gözləntiləri səbəbindən beynəlxalq qarğıdalı qiymətlərindəki aylıq 6 faizlik azalmanın təsirilə FAO Taxıl Qiymət İndeksi iyulda aylıq müqayisədə 3,8 faiz geriləyib. Ancaq indeks, keçən ilin eyni dövrü ilə müqayisədə hələ də 29,6 faiz yüksəkdir.

 

Qismən Şimali Amerikadakı quru hava və məhsul şərtlərinə bağlı narahatlıqlar səbəbi ilə buğda qiymətləri iyul ayında 1,8 faiz artaraq 2014-cü ilin ortasından bu yana ən yüksək səviyyəsinə çatıb. Eyni zamanda beynəlxalq düyü qiymətləri, məzənnə hərəkətlərindən, yüksək fraxt xərcləri və logistika əngəllərindən qaynaqlanan yavaş satışa görə iki ilin ən aşağı səviyyəsinə düşüb.

 

FAO-nun hesablamalarına əsasən, dünyada süd məhsullarının qiyməti düşür. Bura həm süd tozu, həm kərə yağı və sair məhsullar aiddir. Azərbaycanda isə kərə yağının qiyməti demək olar ki, hər həftə artır. Eyni hal bitki yağları ilə bağlı da baş verir: bu məhsullar dünyada ucuzlaşsa da, Azərbaycanda bahalaşır.

 

Dünyada qiymətin çox yüksələn ət və şəkərə gəlincə, Azərbaycanda birincinin qiymətində cüzi artım, ikincidə isə sürətli bahalaşma qeydə alınmaqdadır.

 

FAO-nun hesabladığı Şəkər Qiyməti İndeksi 2021-ci ilin iyul ayında iyun ayı ilə müqayisədə 1,8 faiz artıb və 109,6 bəndə çatmaqla 2016-cı ildən bu yana ən yüksək səviyyəni görüb. Bu indeks ötən ilin iyul ayı ilə müqayisədə 44,2 faiz artıb.

 

Beynəlxalq Ət Qiyməti İndeksi isə 2021-ci ilin iyul ayında iyun ayı ilə müqayisədə 0,8 faiz artmaqla 2014-cü ildən bu yana ən yüksək səviyyəsini görüb. İndeks ardıcıl 10 aydır yüksəlir. Amma ölkəmizdə bu proses son 2 ayda hiss olunur. Özü də yalnız toyuq ətində. Rəsmi statistikaya görə, Azərbaycanda ət və ət məhsulları iyul ayında iyuna nisbətən 1,2 faiz bahalaşıb. Amma yanvar-iyulda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz ucuzlaşma var.

 

Mal və qoyun ətinin qiymətinin ötən illə müqayisədə ucuzlaşmasının əsas səbəbi toy və kütləvi şənliklərə qoyulan məhdudiyyət üzündən tələbatın kəskin azalmasıdır. Təsadüfi deyil ki, toy və şənliklərin keçirilməsinə icazə verildikdən dərhal sonra qiymətlərdə bahalaşma başlayıb.

 

İqtisadçı-alim Elşad Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan hökuməti inflyasiya proseslərini daim nəzarətdə saxlamalıdır: “İlk növbədə inflyasiya proseslərinin mahiyyətini düzgün müəyyən etmək lazımdır. Azərbaycandakı qiymət artımı əhalinin çox pul kütləsinə malik olması ilə bağlı deyil. Əksinə, pul kütləsi azdır, ölkədə kredit resursları çox bahadır, ona görə də istehsal prosesinin təşkilini mürəkkəbləşdirir. Bu isə idxalı stimullaşdırır. Bu gün Azərbaycan bazarında, xüsusilə strateji məhsulların tərkibində idxalın payı kritik səviyyədə yüksəkdir. Ona görə də biz inflyasiyanı xeyli dərəcədə idxal edirik. Bundan əlavə, tənzimlənən qiymətlərin artırılması da inflyasiyanı sürətləndirir. Buna görə də təbii inhisarların məhsulları üzrə tariflərin artımına ən azı 3 il moratorium qoyulmalıdır. Nəhayət, mühüm amillərdən biri də inhisarçı mövqedə olan subyektlərin öz mövqelərindən sui-istifadə edərək qiymətləri artırmalarıdır. Bu gün ticarət şəbəkələrindəki böyük və haqsız inhisarçılıq yerli istehsalı boğan əsas amillərdən birinə çevrilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstelak Bazarı Xidməti fəaliyyətini düzgün qurmalı, fəallaşmalıdır”.

 

İqtisadçı-alimin fikrincə, ölkədə qiymətlərin normal proseslərin təsiri ilə dəyişməsini təmin etmək üçün kompleks işlər görülməlidir: “Kredit resursları ucuzlaşdırılmalıdır ki, ölkədə istehsal prosesini təmin etmək mümkün olsun. Bu qədər aqrar potensialı olan ölkənin əksər ərzaq məhsullarını xaricdən idxal etməsi yolverilməzdir. Buna görə də aqrar sektora əsaslanan regional inkişafı stimullaşdırmaq, bu istiqamətdə real işlər görmək lazımdır. Görün neçə illərdir bu məsələdən danışılır, amma ortada ürəkaçan bir nəticə yoxdur”.

 

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, ilin əvvəlində istehlak bazarında bahalaşma tənzimlənən tariflərin artması səbəbindən baş verdi: “Digər səbəb yanvar-may aylarında dünya bazarında bir sıra ərzaq məhsullarının qiymətində baş verən artımlardır. Xüsusilə buğdanın qiymətindəki artım Azərbaycanda çörək və un məmulatlarının qiymətinə mənfi təsir göstərdi. Son 1-2 ayda dünya bazarında ərzaq qiymətləri indeksinin bir sıra məhsullar üzrə azalmasına rəğmən pandemiyaya bağlı mənfi gözləntilər hələ də davam edir. Bu gözləntilər üzündən bəzi məhsullar qəfildən ya kəskin ucuzlaşır, ya da bahalaşır”.

 

Ekspert bildirir ki, Azərbaycanda istehsal xərclərinin artması yerli məhsulların bahalaşmasında əsas rol oynayır: “Tənzimlənən məhsulların qiymətinin artırılması istehsalın maya dəyərini yüksəldib. Qaz tariflərinə iyulun 1-dən dəyişiklik edilib, elektrik enerjisinə də baxılacağı gözlənilir. Bu gözləntilərin yaratdığı risklər də istehsal olunan məhsulların maya dəyərinə oturur. İnflyasiyanı sürətləndirən daha bir amil xərcləmələrin çoxalması, yəni tələbin yüksəlməsidir. Toy və kütləvi şənliklərə qoyulan məhdudiyyət aradan qaldırıldıqdan sonra xeyli sayda ərzaq və qeyri-ərzaq məhsuluna tələbat artıb. Bu da dərhal özünü qiymətlərdə göstərir. Hazırda nə yerli istehsal, nə də idxal imkanları artan tələbi qarşılayacaq səviyyədə deyil. Buna görə də istər-istəməz qiymətlər artır. Bütün bunlar göstərir ki, bu gün bazarda baş verən bahalaşma təbii prosesdir. Hökumətin onun qarşısını inzibati yollarla almaq cəhdi iqtisadiyyatı, sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Hökumət bahalaşmanın qarşısını almaq deyil, əhalinin gəlirlərinin artması üçün addımlar atmalıdır: əmək haqqı, sosial müavinət və ödənişlər artırılmalıdır ki, əhali qiymət bahalaşmasından minimum zərər görsün”.