Politoloq: "ABŞ-ın əsir və xəritələrin qaytarılmasında rolu Rusiyanın maraqlarına uyğun gəlir"

Deputat: "Paşinyan mina xəritələrini könüllü qaytarmayıb"

“Rusiya mina xəritələrinin qaytarılması prosesində ABŞ və Gürcüstanın iştirakına etiraz etmədi. Görünür, bu, Rusiyanın maraqlarına uyğun gəlir, yoxsa heç vaxt razılıq verməzdi”.

Politoloq Zərdüşt Əlizadə “Toplum TV”-yə belə deyib.

"AzadlıqRadiosu"nun məlumatına görə, Nikol Paşinyan iyunun 13-də seçki kampaniyası zamanı çıxışında deyib ki, xəritələrin yalnız kiçik bir hissəsi Azərbaycana verilib: “Biz dekabrda konstruktiv mühit yaratmaq üçün həmin xəritələrdən kiçik rəqəmləri verdik. Onların əsirlərin qaytarılması dayandırdığını anlayanda biz də dayandıq”.

Milli Məclisin deputatı Asim Mollazadə deyir ki, Paşinyanın bu açıqlaması həqiqəti əks etdirmir: “Unutmaq olmaz ki, Paşinyan hazırda seçki kampaniyasında iştirak edir. Biz dəfələrlə ondan və digər Ermənistan siyasətçilərindən bir-birini təkzib edən yalan məlumatlar eşitmişik. Paşinyan mina xəritələrini könüllü qaytarmayıb, beynəlxalq təzyiqlər nəticəsində məcbur olaraq bu addımı atıb. Əminəm ki, bundan sonra da nüfuzlu ölkələr və beynəlxalq təşkilatlar Ermənistanı bütün xəritələri qaytarmağa məcbur edəcəklər”.

Deputat bu məsələni iyunun 4-də Kəlbəcərdə mülki şəxslərin minaya düşməsi ilə də əlaqələndirib: “İşğaldan azad olunmuş ərazilərdə basdırılan minalar mülki əhalinin qətli üçün hazırlanmış etnik təmizləmənin davamıdır və bu, artıq beynəlxalq aləmin də gündəmində yer alıb. Jurnalistlərin minaya düşməsi bir daha təsdiq edir ki, Ermənistan yüz minlərlə azərbaycanlının Qarabağa qayıdışını əngəlləmək istəyir. Eyni zamanda, diversantlardan da tez-tez istifadə etməsi bu ölkənin sülhə getmək istəmədiyini göstərir. Bütün beynəlxalq təşkilatlar da anlamalıdır ki, sülh prosesini qəbul etməyən və başqa bir ölkəyə qarşı ərazi iddialarına son qoymaq istəməyən Ermənistan bölgə üçün böyük təhlükədir”.

Zərdüşt Əlizadə isə Paşinyanın açıqlamasının doğru olduğunu düşünür: “Paşinyanın dediyində həqiqət var, çünki Azərbaycanın mövqeyi Rusiya ilə razılaşdırılan mövqedir. Rusiya mina xəritələri ilə əsirlər məsələsindən istifadə etməkdə israrlıdır və prosesin ABŞ və Gürcüstanın vasitəçiliyi ilə keçirilməsinə etiraz etmədi. Xatırlatmaq istərdim ki, mina xəritələrinin qarşılığında əsirlərin mübadiləsi prosesi sabah keçiriləcək Putin və Bayden görüşündən bir qədər öncə baş verib. Bu, az da olsa, münasibətlərin yaxşılaşması və tərəflərin xal qazanması üçün töhfədir”.

Siyasi şərhçi Zaur Əkbər də Paşinyanın bu açıqlamasının keçiriləcək parlament seçkilərinə hesablandığını deyir: “Paşinyanın bu cür bəyanat verməsi seçki öncəsi daxili auditoriyaya hesablanıb. O, mina xəritələrinin hamısını verdiyini deyə bilməz, əks-halda revanşist qüvvələr bundan ona qarşı istifadə edə bilər”.

Ekspert bildirib ki, Gürcüstan və ABŞ hökumətinin, eyni zamanda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ATƏT-in İsveç sədrliyinin bu prosesə vasitəçilik etməsi Qərbin prosesə daxil olması deməkdir: “Bu, müsbət haldır. Digər tərəfdən əsirlər Ermənistana Gürcüstan sərhəddində təhvil verilib. Əvvəllər sülhməramlıların komandiri birbaşa Yerevan-Bakı reysi ilə Bakıya gəlib əsirləri Ermənistana aparırdı. Bu dəfə Rusiyanın kənarda qalması artıq onu göstərir ki, Qərb müəyyən vasitələrlə prosesə qoşulmağa çalışır. Yaxşı olardı ki, bu proses davam etsin. Çünki Qərbin prosesə qatılması ilə bölgədə balansın yaradılması Azərbaycanın  həm Rusiya “sülhməramlıları”ndan tam olaraq asılı vəziyyətdə qalmaması, həm də gələcək suverenliyi üçün önəmli məsələdir. Birdən-birə mümkün olmasa da tədricən Rusiyanın bölgədəki təsir gücünü azaldaraq qərbi prosesə daxil etmək olar”.

“Rəsmi Bakı bu işdə özü birbaşa olaraq səy göstərməli, ABŞ, Avropa İttifaqı və ATƏT-lə əlaqələr quraraq digər ərazilərin də mina xəritələrini almağa nail olmalıdır. Düşünürəm ki, bu mümkün olacaq, çünki iyunun 20-də Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyan qələbə qazanacaq və bu baxımdan Ermənistan tərəfi ilə danışıqlar aparmaq daha rahat olacaq”, - deyə siyasi şərhçi əlavə edib.