Polşanın Baş naziri miqrasiya böhranını müzakirə etmək üçün Avropa ölkələrinə səfərə çıxdı

Eastnews.org-un verdiyi xəbərə görə, Polşanın Baş naziri Mateuş Moravietski miqrasiya böhranını müzakirə etmək üçün Avropa ölkələrinə səfərə çıxıb.   Məlumata əsasən, M.Moravietskinin ilk dayanacağı Estoniya olub. O, burada hökumət başçısı Kaya Kallas ilə görüşüb.   Görüşdən sonra Polşanın hökumət rəhbəri bildirib ki, hazırda ölkəsi şərq sərhədlərində yeni tipli böhranla üz-üzədir və bu, miqrantların sui-istifadə edildiyi, dezinformasiyanın geniş yayıldığı hibrid müharibəyə bənzəyir. Qeyri-qanuni miqrasiyanın törətdiyi siyasi böhran, eyni zamanda, enerji böhranı ilə də müşayiət olunur.   Polşanın Baş naziri miqrasiya böhranının tez bir zamanda həll olunacağına ümid ifadə edərək, miqrantların mənşə ölkələrinə qayıtmasının ölkəsi tərəfindən maliyyələşdirilə biləcəyini ifadə edib. Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində bu istiqamətdə diplomatik kanallarla iş aparılır.   Ötən gün başlayan səfər sonra Litva və Latviyada davam edib. Görüşlər zamanı M.Moravietski Polşanın qarşılaşdığı vəziyyəti bir ölkənin aqibəti olmadığını, baş verən hadisələri Avropa İttifaqı və NATO sərhədlərinin pozulması cəhdləri kimi qiymətəndirib. Səfərin digər Avropanın digər ölkələrini də əhatə etməsi gözlənilir.