Qarabağ müharibələrində məxfi danışıqlar

Hər zaman Azərbaycan əleyhinə qatı çıxışlar edən, Azərbaycan ordusu ilə fəal döyüşən erməni hərbi rəis və Qarabağda ermənilərin məskunlaşdığı ərazinin (QEMƏ) inzibati rəhbəri Vitali Balasanyanın azərbaycanlı generallarla birlikdə Laçına getməsi Azərbaycan və Ermənistanı təəccübləndirib. Tərəflər arasında məhsuldar dialoq aparılıb, nəticədə burada qeyri-qanuni məskunlaşmış erməni əhalisinə Laçını sülh yolu ilə tərk etmək göstərişi verilib.

Tarixçi Arif Yunusov bildirir ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında gizli əlaqələr və danışıqlar hər zaman olub, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində. Yunusov Azərbaycan və Ermənistan mənbələrindən götürdüyü məlumatları Turan ilə bölüşüb.

İstənilən münaqişənin tərkib hissəsi münaqişə tərəfləri arasında danışıqlar və təmaslardır. Adətən rəsmi danışıqlar nəzərdə tutulur. Bu arada, rəsmi danışıqlar və təmaslardan öncə çox vaxt gizli danışıqlar və əlaqələr olur. Onlar haqda bir qayda olaraq, az şey məlum olur, münaqişə tarixin bir hissəsinə çevrildiyində isə münaqişə tərəflərinin gizli görüşlərindən bir çox məqamlar ortaya çıxır. 

Bütün bunların birbaşa Ermənistan-Azərbaycan münaqişəsinə aidiyyatı var.  Lap əvvəldən döyüşlərlə yanaşı, eyni zamanda danışıqlar da gedirdi, həmçinin tərəflər bu və ya digər şəkildə gizli əlaqələr saxlayırdılar. Bu, birinci müharibə zamanı həm cəbhədəki komandirlər səviyyəsində, həm də ölkə rəhbərləri səviyyəsində idi. O zaman, sadəcə, telefonun dəstəyini götürüb düşmənə zəng edə bilərdin.

1994-cü ildən sonra zahirən elə görünürdü ki, tərəflər arasında hərbi təmas xətti qurulandan sonra gizli təmaslar mövzusu bağlanıb. Əslində, onlar hələ də baş verirdi, sadəcə, işıqlandırılmırdı. Axı bir çox iqtisadi və kənd təsərrüfatı məsələlərini, məsələn, Sərsəng su anbarından birgə istifadə məsələsini həll etmək lazım idi. Və nə qədər hərbi-siyasi məsələ gizli təmaslar tələb edirdi!

2020-ci il müharibəsi gizli danışıqların vacibliyi məsələsini daha kəskin şəkildə gündəmə gətirdi. Çünki keçmiş təmas xətti yox oldu, Ermənistanın işğal etdiyi ərazilərin böyük əksəriyyəti Azərbaycan tərəfindən geri alındı. Qəfildən məlum oldu ki, tərəflər bir-birindən asılıdır. Məsələn, müharibədən sonrakı ilk qış aylarında Şuşa qarnizonu çox çətin vəziyyətə düşdü, təkcə tikinti materialları və hərbi texnikanın təhlükəsiz  təchizatı ilə bağlı yox, həm də qaz təchizatı, elektrik enerjisi və bir çox digər məişət məsələlərini təcili həll etmək lazım gəlirdi. Yeni Füzuli-Şuşa yolu hələ tikilirdi və ilk vaxtlar erməni tərəfin nəzarət etdiyi Qırmızı Bazardan keçən yoldan istifadə etmək lazım idi.

Prezidentin və onun kortejinin, eləcə də onu müşayiət edən şəxslərin keçidinin təhlükəsizliyi məsələsi yarandı. Əlbəttə ki, Rusiya sülhməramlıları təhlükəsizlik məsələlərini öz üzərinə götürdülər və Azərbaycanın bütün maşınlarını müşayiət edirdilər. Amma söhbət dövlət başçısından gedəndə onun təhlükəsizliyi məsələsi tikinti materiallarının daşınmasının təhlükəsizliyi məsələsindən fərqlənir. Marşrutun bir hissəsi Qırmızı Bazardan keçdiyi üçün Ermənistan tərəfinin də keçidin təhlükəsizliyinin təminatını  öz üzərinə götürməsi lazım gəlirdi.

2021-ci ilin yanvar və fevral aylarında yaranmış bir çox məsələlərin, lakin ilk növbədə prezident kortejinin ermənilərin nəzarətində olan ərazilərdən keçməsinin təhlükəsizliyilə bağlı məsələlərin həlli üçün Azərbaycanla Dağlıq Qarabağ rəhbərliyi arasında ilk məxfi danışıqlar aparılıb. Həmin  görüşlərdə Azərbaycan tərəfdən Prezident Aparatı şöbəsinin məsul rəhbəri və Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavinlərindən biri iştirak edib. Qarabağ tərəfdən isə QEMƏ-nin rəhbəri Araik Arutyunyan və Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan iştirak ediblər. Ən azı iki görüş olub - biri şimal-şərqdə, Ağdərə rayonunda cəbhə xəttinə yaxın, ikincisi isə cənubda, Martuni yaxınlığında. Onların nəticəsi oldu və keçidlə bağlı heç bir problem olmadı.

Lakin bu görüşləri gizlətmək üçün bütün cəhdlərə baxmayaraq, onlar barədə öncə Dağlıq Qarabağda, sonra isə Azərbaycanda məlum oldu. Və  yeni Füzuli-Şuşa yolunun sürətlə tikintisi sayəsində Qırmızı Bazardan keçən yolun istifadəsindən imtina etmək və yüksək səviyyədə bu cür məxfi əlaqələri müvəqqəti dayandırmaq mümkün oldu. Lakin bir qayda olaraq, bölgədəki bir çox iqtisadi məsələlərin, eləcə də yaranan insidentlərin həllilə bağlı Rusiya sülhməramlıları vasitəsilə gizli əlaqələr qalırdı.

Azərbaycan və Ermənistan liderlərinin aprel ayında Brüssel görüşündən sonra bu il Azərbaycan və Dağlıq Qarabağ arasında məxfi danışıqlarda və təmaslarda yeni pəncərə açıldı. Əvvəlcə onlar Rusiya sülhməramlılarının iştirakı ilə keçirildi, lakin tədricən münaqişə tərəfləri yaranan problemləri Rusiya sülhməramlıları olmadan müstəqil həll etməyə başladılar. Üstəlik, hər iki tərəfdən bir-biri ilə əlaqəsi olan xüsusi danışıq aparanlar meydana çıxdı.

İyulda bu gizli danışıqlar yeni səviyyəyə qalxdı və hətta Laçın şəhərinin və onun ətrafında üç kəndin Azərbaycanın nəzarətinə keçməsi məsələsilə bağlı ehtirasların kəskin şəkildə azalmasına və gərginliyin yatırılmasına kömək etdi. Azərbaycan Laçından yan keçən yolun ona aid hissəsinin (32 km.) tikintisini başa çatdırıb. Lakin Ermənistan hakimiyyəti öz tərəfindən tikintiyə başlamağa tələsməyib, hətta gələn ilin aprelinə qədər vaxt lazım olduğunu deməyə başlayıb. Burada Azərbaycanla QEMƏ arasında növbəti aktiv danışıqlar rol oynayıb. Danışıqlarda  Ermənistan tərəfdən yenə Araik Arutyunyan və Vitali Balasanyan, Azərbaycan tərəfdən isə Prezident Aparatının, Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Həmin gizli danışıqlarda avqustun 25-dək ermənilərin Laçını tərk etmələri qərara alınıb. Bundan əlavə, erməni tərəfi əmin edib ki, öz evlərini tərk edən sakinlər yanğınlar törətməyəcək və digər düşmənçilik hərəkətləri etməyəcəklər. Qeyd edək ki, bu gizli danışıqlar rəsmi Yerevanı çaşdırıb, çünki orada bu barədə sonradan xəbər tutublar, Arif Yunusov Turan-a bildirib.