Qırğızıstan-Tacikistan sərhədində atışma olub-YENİLƏNİB

Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində hər iki tərəfdən yaralananların sayı 17 nəfərə çatıb. Tacikistan xəstəxanasına 13 yaralı gətirilib, onlardan 11-i hərbçidir. Silahlı insident zamanı Tacikistanın Xoci Alo kənd sakini Obidjon Tuyçiyev aldığı güllə yarasından ölüb.

 

*****

 

Qırğızıstan-Tacikistan sərhədində iki dövlətin hərbçiləri arasında atışma olub.

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

“Yanvarın 27-si yerli vaxtla saat 18:30-a (Bakı vaxtı ilə 16:30-red) olan məlumata görə, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq səciyyələnir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının əməkdaşları Tərt-Keçə Batken rayonunun ərazisindən keçən Batken-İsfana yolunu birtərəfli qaydada bağlayıblar.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkənin sərhədində onlarla mübahisəli ərazi qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan bəri komissiyaların və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində bəzən yerli sakinlər arasında münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.