Qriqoryan: Bakı və İrəvan arasında sülh müqaviləsinin yalnız bir bəndi razılaşdırılıb

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsinə ölkələr arasında mövcud olan bütün problemli məsələlər daxildir.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan parlamentində çıxışı zamanı deputatın sualını cavablandırarkən deyib.

“Rəsmi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması razılaşdırılıb”, - o qeyd edib.

Armen Qriqoryan vurğulayıb ki, sülh müqaviləsi layihəsinin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.

“Layihənin digər bəndləri üzrə dəqiq razılıq yoxdur”, - Qriqoryan əlavə edib.

Onun sözlərinə görə, söhbət Qarabağ, sərhədlərin delimitasiyası və demarkasiyası, bağlı yolların açılması, humanitar məsələlərdən gedir: “Ümumiyyətlə, bu məsələlərlə bağlı müzakirələr davam edir və bütün bu problemli məqamlar Ermənistan əhalisinə məlumdur”.