Ramiz Mehdiyev: "Akademiyanın balansındakı torpaqlar qanunsuz şəkildə şirkətlərə satılıb"

"Mənə məlumat verilib ki ötən illərdə akademiyanın balansındakı bəzi torpaqlar qanunsuz şəkildə özəlləşdirilərək ayrı-ayrı şirkətlərə satılıb.

Bunu mayın 27-də  AMEA-nın Prezidenti Ramiz Mehdiyev Rəyasət Heyətinin hibrid rejimdə keçirilən Ümumi yığıncağındakı çıxışında deyib. 

Məlumata görə, yığıncaqda AMEA-nın Prezidenti, həqiqi üzvləri, dövlət rəsmiləri, müxbir üzvlər iştirak edirlər.

"Məni ən çox narahat edən məsələ inventarlaşma və akademiyanın balansında olan torpaqlarla bağlıdır. Mənə məlumat verilib ki ötən illərdə akademiyanın balansındakı bəzi torpaqlar qanunsuz şəkildə özəlləşdirilərək ayrı-ayrı şirkətlərə satılıb. Bu məsələ təsdiqini tapsa, ölkə rəhbərliyinə məlumat veriləcək. Düşünürəm ki, bunun üçün yeni komissiya yaradılmalıdır", - R. Mehdiyev çıxışı zamanı deyib. 

AMEA Prezidenti akademiyada bəzi şəxslərin "islahatlara mane olduğunu da" vurğulayıb: 

"Çox təəssüflə qeyd edim ki, bəzi institut direktorları islahat keçirməyə maneə yaradırlar. Həmin şəxsləri xəbərdar edirəm, akademiyada islahat olmalı, cənab Prezidentin göstərişləri yerinə yetirilməlidir".