Saakaşvili ölkə vətəndaşlarını ümumi barışığa çağırıb

Həbsxanada olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə sakinlərini birləşməyə, barışmağa və revanşizmdən əl çəkməyə çağırıb.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, keçmiş prezidentin müraciəti yer alan məktub Tbilisidə keçirilən mitinqdə vəkili Nika Qvaramiya tərəfindən oxunub.

"İstər ölkə daxilində, istərsə də xaricdə hamımız birləşməliyik. İndi bir-birimizi partiya və ya başqa bir meyara görə bölmək vaxtı deyil. Gürcüstanın qurtuluşu üçün vaxt gəlib çatıb, bunun üçün birlik lazımdır. Cəmiyyətimizin və ölkəmizin barışa ehtiyacı var, hər birimizin buna hazır olduğunu  anlamaq çox vacibdir ", - Saakaşvili yazıb.