Silah satışında hansı ölkələr liderdir?

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasına görə, hərbi sənaye bazarında ilk yeri ABŞ şirkətləri tutur.

Qlobal silah sektorunda 100 nəhəng müəssisədən 41-i, ümumi gəlirlərin isə 54 faizi bu ölkənin payına düşür. Həmin şirkətlərin ötən ilki gəliri 285 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təxminən 2 faiz çoxdur.

İkinci yerdə Çin gəlir.

İlk 100-lükdə 13 şirkətlə təmsil olunan Çinin silah satışından gəlirləri 67 milyard dollar civarında olub.

Bu isə 2019-cu illə müqayisədə 1,5 faiz çoxdur.

SIPRI hesab edir ki, yerli silah istehsalçılarının gəlirlərində müşahidə olunan artım Çin hökumətinin həyata keçirdiyi hərbi modernləşdirmə proqramlarından qaynaqlanır.

Avropa ölkələrindən isə ümumilikdə 26 şirkət ilk 100-lüyə daxil ola bilib.

Əsasən Böyük Britaniya, Fransa və Almaniyaya məxsus şirkətlər qrupda ümumi silah satışının 21 faizni öz əlində cəmləşdirib ki, bunların da birgə gəliri 109 milyard dollar təşkil edib.