"Smart Customs" karqo şirkətlərinin baş ağrısıdır?

“Smart Customs” rəqəmsal resursu qarşıya qoyulan vəzifəni yerinə yetirə bilirmi? 

Azərbaycan İnternet Forumunun (AİF) rəhbəri Osman Gündüzün fikrincə, son zamanlar Dövlət Gömrük Komitəsinin “Smart Customs” mobil tətbiqi xeyli təkmilləşdirilib: “Bu məqsədlə Komitənin İT komandası və karqo (daşıma) şirkətlərin developerləri və rəhbərləri bir neçə dəfə görüş keçiriblər. Xarici ölkələrdən e-ticarət yolu ilə mal alanlar və onlara xidmət edən karqo şirkətlər gömrük proseduraları, bəyanetmə prosesi üçün DGK-nın “Smart Customs” resursundan effektiv istifadə edirlər. Eyni zamanda, xaricdən e-ticarət yolu ilə alış-veriş edənlərin və onlara xidmət edən karqo şirkətlərin sayı durmadan artır, hazırda 170-dən çox belə şirkət fəaliyyət göstərir”.  

Bununla belə, mütəxəssis tətbiqin karqolardan əlavə informasiyalar tələb etdiyini bildirir: “Son dövrlərdə  şirkətlərdən tələb olunur ki, xaricdəki anbarlarında olan bağlamalar ölkəyə göndərilmədən öncə onların üzərinə daha bir əlavə etiket - bəyannamə nömrəsi ilə bağlı məlumat yerləşdirilsin. Bu isə “Smart Customs”-da var. Eyni zamanda, düşünürəm ki, vətəndaşın alış-veriş zamanı əldə etdiyi fakturanın həm də karqo tərəfindən sistemə vurulması tələbi doğru bir yanaşma deyil. Bunu vətəndaş gömrüyə bəyannaməni verərkən əlavə edir”. 

O.Gündüz bütün bunların gecikmələrə, əlavə xərclərə və yüklənmələrə səbəb olduğunu vurğulayır: “Son zamanlar bəzi karqolar “ASAN Login” sistemindən istifadə edilməsində müəyyən ayrı-seçkiliklə qarşılaşdıqlarını bildirirlər. Fikrimcə, mövcud olan və olmayan bəzi bürokratik proseduraları da kifayət qədər faydalı və effektiv bir rəqəmsal resursa elektronlaşdırmaqla əlavə etmək sonda bu resursun əhəmiyyətini və funksionallığını xeyli azalda bilər”. 

O.Gündüz belə halların aradan qaldırılması üçün proseduraların daha da sadələşdirilməsini və  rəqəmsal resursda nəzərə alınmasını təklif edir.  

“Eyni zamanda, gömrük və karqo məlumatlarının tam inteqrasiya olunması ilə vətəndaşlardan və karqo şirkətlərindən əlavə informasiyaların tələb olunmasına da ehtiyac qalmayacaq”. 

Bir neçə karqo şirkəti ilə çalışan, adının çəkilməsini istəməyən İT mütəxəssisi “Smart Customs” tətbiqi ilə bağlı qarşılaşdığı problemlərdən danışıb: “Əvvəlki dövrdə karqo şirkətləri sifariş edilən məhsul haqqında məlumatı çap edərək məhsulun üzərinə yapışdırırdılar. İndi isə  xaricdən məhsul sifariş edən müştərilər aldıqları hər bir malı bu sistemdə bəyan etməlidirlər. Karqo şirkətləri də həmin məhsulları ölkəyə gətirə bilmək üçün onların bəyannamə nömrələrini “Smart Customs” sisteminə göndərir. Problem isə odur ki, müştəri sifariş etdiyi məhsul haqqında sistemdə bütün məlumatları qeyd etdiyi halda, sistem karqo şirkətindən həmin məlumatları əvvəl dövrə olduğu kimi bağlamanın üzərinə yapışdırmağı tələb edir. Əks-təqdirdə mallar ölkəyə gətirilmir. Bu isə karqo şirkətlərindən əlavə işçi qüvvəsi və xərc tələb edir. Güman ki, gömrük işçilərinin rahatlığı üçün düşünülmüş addımdır. 

Sistemə baxmadan məhsulun üzərində olan məlumatları yoxlaya bilirlər. Digər tərəfdən, karqo malın fakturasının da bağlamanın üzərinə yapışdırılması tələb olunur. Bu isə o deməkdir ki, müştəri aldığı məhsulun fakturasını karqo şirkətinin saytına yükləməli, şirkət onu “Smart Customs”-a göndərməli, müştəri tətbiqə daxil olaraq aldığı məhsulu bəyan etməli, karqo şirkəti isə fakturanı çap edərək bağlamanın üzərinə yapışdırmalıdır. Fakturanın yüklənməsi tətbiqin özündə həyata keçirilərsə, həmin prosedur da sadələşmiş olacaq. Bu cür problemlər üzündən bir çox karqo şirkəti sifariş edilən malları ölkəyə gətirə bilmirlər”. 

Mütəxəsis “Asan Login”lə bağlı problemə də toxunub: “Sadəcə bir karqo şirkəti “Asan Login” sistemindən istifadə edə bilir. Bu isə digərlərilə müqayisədə həmin şirkət üçün üstünlük yaradır. “Asan Login”-ə inteqrasiya müştəriyə imkan yaradır ki, o tək imza ilə bütün məlumatlarını “Smart Customs”-a daşıya bilsin. Digər karqo şirkətlərinin bundan istifadə edə bilməməsi isə ayrı-seçkilikdir. Əgər “Asan Login”-lə sistemə giriş mümkündürsə, bütün karqo şirkətləri bundan yararlana bilməlidir”. 

“Dövlət Gömrük Xidməti problem yaratdığı üçün karqo şirkətləri çətinliklərini dilə gətirə bilmirlər”, - deyə mütəxəssis əlavə edib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov məsələ ilə bağlı "Toplum TV"-nin suallarını cavablandırmayıb. 

Karqo şirkətləri nə deyir? 

“Morex.az” karqo şirkəti bildirib ki, əvvəlki kimi çətinlikləri olmur: “”Asan Login” tətbiqindən qaynaqlanan gecikmələri öncədən müştərilərimizə bildiririk. Onlar da sifarişlərində bunu nəzərə alırlar”. 

“Starex” şirkətinin əməkdaşı Murad Seyidov deyib ki, artıq vəziyyətə uyğunlaşıblar: “Daha çətinliyimiz olmur”.  

Şirkətin əməkdaşı “Asan Login”-lə bağlı suala cavab verməyib.  

“Limak.az”, “Dynamex Express”, “CargoDiem”, “Zamex”, “Vipex.az” kimi karqo şirkətləri məsələyə münasibət bildirmək istəməyiblər.