Şuşa rəsmən mədəniyyət paytaxtı oldu

Mayın 7-də prezident İlham Əliyev sərəncam verərək Şuşa şəhərini rəsmi olaraq ölkənin mədəniyyət paytaxtı elan edib. Bu barədə dövlət başçısının saytında dərc olunmuş sərəncamda deyilir.

Sənəddə deyilir ki, bu qərar Şuşa şəhərinin tarixi görünüşünün bərpası, ona keçmiş şöhrətinin qaytarılması və ənənəvi dolğun mədəni həyatın bərpası, həmçinin Azərbaycan mədəniyyətinin, onun memarlıq və şəhərsalma sənətinin beynəlxalq aləmdə təbliği məqsədilə qəbul edilib.

Sərəncamda həmçinin Şuşa şəhərinin tarixi-mədəni əhəmiyyətinin və onun Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərinin olduğu da vurğulanıb.

Qeyd edək ki, Şuşa 1752-ci ildə Qarabağ xanlığının banisi Pənah Əli xan tərəfindən qala kimi yaradılıb.

Öncə şəhər xanlığın iqtisadi və mədəni həyatının mərkəzi olub, xüsusi memarlıq və zəngin mədəni ənənələri ilə seçilib.

1992-ci ilin mayında, Birinci Qarabağ Müharibəsi zamanı şəhər ermənilər tərəfindən işğal edilmişdi və yandırılmışdı. 28 il sonra - 8 noyabr 2020-ci ildə Azərbaycan ordusu onu azad edib. 28 illik işğal dövründə şəhər tənəzzülə uğrayıb.