Tacikistan KTMT-ni köməyə çağırdı, Rusiya narahatdır

Tacikistan Əfqanıstanla sərhəddə yaranan vəziyyətə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarına köməklə bağlı müraciət edib.

"RIA Novosti"-nin məlumatına görə, bu barədə Tacikistanın KTMT yanında daimi nümayəndəsi Həsən Sultonov təşkilatın Daimi Şurasının iclasındakı çıxışında bildirib. 

Onun sözlərinə görə, Tacikistan vəziyyətin nəzarət altında saxlanılması, Əfqanıstan tərəfdən gələn təhdid və təhlükələrin qarşısının alınması üçün tədbirlər görür, amma onun vəziyyətin öhdəsindən təkbaşına gəlməsi çətindir. Həsən Sultonov deyib ki, iki ölkə arasındakı sərhədin bir çox hissələrinin ucqar dağlıq ərazilərdə yerləşməsi vəziyyəti mürəkkəbləşdirir.

"Situasiya KTMT tərəfindən adekvat reaksiya tələb edir. Həmçinin cənub sərhədlərin mühafizəsi üçün potensialı artırmaq zəruridir”, - deyə tacik rəsmisi vurğulayıb. 

Sultonov qeyd edib ki, bütün bunları nəzərə alaraq “Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsində Tacikistan Respublikasına yardım göstərilməsi haqqında" Kollektiv Təhlükəsizlik Şurasının 2013-cü il 23 sentyabr tarixli qərarının icrasının təmin edilməli olduğunu deyib. 

“Biz quruma üzv dövlətləri bu sənədin tam həyata keçirilməsinə töhfə verməyə çağırırıq”, - deyə o bildirib. 

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko artıq bəyan edib ki, ölkəsi köməyə hazırdır. 

"Rusiyanın Tacikistanda ehtiyac olduğu halda bu ölkəyə yardım üçün lazım olan hər şeylə təchiz olunmuş 201 saylı hərbi bazası yerləşir. Əlavə səylər də tələb olunarsa, onlar realaşdırılacaq", - deyə Rusiya XİN rəsmisi qeyd edib. 

Rusiyanın Əfqanıstana hərbi kontingent göndərmək məsələsini isə Kreml təkzib edib. 

"Rusiya Əfqanıstan hakimiyyəti ilə bu ölkəyə hərbi kontingent göndərmək məsələsini müzakirə etmir", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Öz növbəsində Rusiyanın XİN başçısı Sergey Lavrov isə ABŞ-ın Əfqanıstan siyasətini tənqid edib və onun ölkəni tələm-tələsik tərk etməsinin Moskvanın müttəfiqlərinə ciddi təhdidlər yaratdığını vurğulayıb. 

"ABŞ təkcə hərbçilərini Əfqanıstandan geri çəkmir, həmçinin bununla iyirmi illik missiyasının uğursuz olduğunu faktiki olaraq etiraf edir", - deyə o qeyd edib. 

Lavrovun sözlərinə görə, ABŞ Əfqanıstandan öz hərbi birliklərini çıxarmaqla ölkədəki qarşıdurmanı güc yolu ilə həllinə şərait yaratmış olub.