Təqva nədir?

TƏQVA
 
Təqva dini ədəbiyyatda geniş yayılan terminlərdən biridir. Ərəb sözüdür və “qorunmaq” mənasını ifadə edir. Təqvanın mənasını belə izah edə bilərik ki, bir insan cismi xəstəlikləri ilə bağlı həkimə müraciət edirsə, həkim xəstəliyinin şiddətlənməməsi üçün və tez sağalması üçün ona müəyyən şeylərdən qorunmasını tövsiyə edir. Ruh da belədir, əgər insan ruhi xəstəliklərdən (günah, haram) qorunmasa ruh xəstələnəcək və insanı mənəviyyatdan təcrid edəcək. Bəli, insan necə ki, cismani xəstəliklərə tutulmaması üçün ən çox sevdiyi yeməklərdən və digər işlərdən çəkinirsə, həmçinin mənəviyyatını, dünya və axirətini bərbad edən işlərdən də çəkinməlidir.
İnsanda iki cür təqva ola bilər:
1. Zəif təqva: günahın çirkinliklərindən qaçmaq üçün günah etməyə şərait olan yerlərdən daim uzaq durmaq. Necə ki, xəstəliyə tutulmaq istəməyən insan xəstəlik və mikrob ehtimalı olan yerlərdən özünü qorumağa çalışır.
2. Güclü təqva: insanın öz ruhunda ona ruhi və əxlaqi baxımından zəmanət verə bilən bir qüvvə yaratmasıdır. Belə ki, insan əgər günah etmək üçün şərait olan bir mühitə düşsə, o ruhi qüvvə onu qoruyub, onun günaha batmasına mane olar. Necə ki, insan müəyyən vasitələrlə immunitetini gücləndirir ki, xəstəlik və mikrob yayılan yerə düşsə də ona təsir qoya bilməsin.
Bu gün cəmiyyətdə təqvanın birinci növü daha çox nəzərə alınır. Belə ki, bir insan təqvalı olmaq istəyirsə gərək bir guşəyə çəkilib cəmiyyətdən təcrid olunsun. Çünki bu gün cəmiyyətdə kifayət qədər günah etmək üçün şərait vardır. Bu da fitrətən ictimai bir varlıq olan insana imanını qoruması üçün çətinliklər yaradır. Bunun bircə yolu budur ki, insan belə bir cəmiyyətdə sözün əsl mənasında yaşamaq istəyirsə gərək ikinci növ, yəni güclü təqvaya sahib olsun. Əks halda təqvasız insan Quran məntiqi ilə desək yaşamır, o bir ölüdür. “Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək, vasitəsi ilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlərdə olan və ondan çıxmayacaq şəxs kimidirmi”?!. Ənam surəsi, ayə 122
Deməli təqvanın insanın həm fərdi, həm də ictimai həyatında böyük rolu vardır. Həzrət Əli (ə) təqvanı insanın bütün dərdləri və bəlaları üçün faydalı bilir. Həqiqətən də, əgər təqvaya “guşəyə çəkilib cəmiyyətdən təcrid olunmaq” kimi baxmayıb, onu Həzrət Əli (ə)-ın tanıdığı kimi tanısaq, onda etiraf etməliyik ki, təqva insanın həyatının sütunlarından biridir.
Hər hansı bir şeyin dəyəri onu əvəz edə biləcək başqa bir şeyin olub olmamasına baxdıqda məlum olur. Təqvanın yerini dolduracaq başqa heç bir şey olmadığı üçün o, həyatın zərurətlərindən biridir. Qol gücü, pul, qanun çoxaltmaq kimi başqa şeylər təqvanın yerini doldura bilməz.
Bu gün cəmiyyətdə bir çox problemlər mövcuddur. Boşanmaların günbəgün arması, qətl, cinayət və oğurluq kimi halların çoxalması, əxlaqsızlıq və s. adi hal almışdır. Heç bir şübhə yoxdur ki, bütün bunların başlıca səbəbi cəmiyyətdə təqvanın zəif olması və yaxud da heç olmamasıdır. Amma özlərini “İctimai xadim” adlandırıb istər televiziya kanallarında, istərsə də digər vasitələrlə artmaqda olan bu kimi ictimai problemləri aradan qaldırmaq adı ilə çıxış edənlər həll yolunu bu və ya digər formada qanunların sərtləşdirilməsi və yaxud artırılmasında görürlər. Digər tərəfdən həmin şəxslər təqvanı mənasız bir şey hesab etdikləri üçün müxtəlif vasitələrlə insanların ruhundan bu problemlərin yeganə həll yolu olan təqvanı yox edib, insanları əxlaqi hərc-mərcliyə sürükləyirlər. Əgər təqva, iman və Allahdan qorxmaq olmasa onda insan deyə bilər ki, “niyə də oğurluq etməyim” , “niyə də cinayət etməyim” , “niyə də boşanmayım” və s.
Bir sözlə, İlahi təqva prinsipləri əsasında qurulmayan hər bir iş uçurumun kənarında və hər an uçma ehtimalı olan binaya bənzəyir.
Allah Qurani-Kərimdə belə buyurur: “Elə isə öz təməlini İlahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın Cəhənnəm oduna yuvarlanacağı şəxs”?!.
 
İlahiyyatçı Elgün Axund.
Müsəlman Birliyi Hərəkatı İH-nin üzvü.
21.06.2021.