Türkiyə Livandakı son hadisəyə münasibət bildirdi

Giperssilka-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyi Livanın "Hizbullah" və "Amal" hərəkatı tərəfdarlarının Livanın paytaxtı Beyrutdakı Ədliyyə Sarayına tərəf yürüşü zamanı nümayişçilərə atəş açılması ilə bağlı açıqlama verib.  

Nazirlikdən verilən yazılı açıqlamada Beyrutda keçirilən etiraz nümayişində naməlum şəxslərin nümayişçilərə açdığı atəş nəticəsində həlak olanlara görə dərin hüznünü ifadə edib.  

Açıqlamada "Bu dəhşətli hadisədən məsul olanların ən qısa zamanda tutularaq məhkəmə qarşısına çıxarılacaqlarına ümid edir, bənzər hadisələrin bir daha təkrarlanmaması üçün Livandakı bütün tərəfləri təmkinli olmağa və zorakılıqdan çəkinməyə dəvət edirik", - deyib.  

Xatırladaq ki, dünən səhər saatlarında Livanın paytaxtı Beyrut şəhərinin Dahiyə rayonunda yerləşən Tayunə nəzarət məntəqəsi ərazisində "Hizbullah" və "Amal" hərəkatının keçirdiyi aksiya iştirakçılarına qumbaraatandan və snayperdən atəş açılıb. Nəticədə qumbaraatandan və snayperdən açılan atəş nəticəsində azı 6 nəfər ölüb, 60 nəfər yaralanıb.