Üç Avropa dövləti İranın nüvə təsisatlarına nəzarətin kafi olmadığını bildiriblər

Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri Rafael Qrossinin Tehrana səfərindən sonra Fransa, Britaniya və Almaniya üçlüyü İranın nüvə proqramı haqda yeni bəyanat veriblər.

SalamNews xəbər verir ki, Fransa, Britaniya və Almaniya üçlüyü Beynəlxalq Atom Enerjisi Agentliyinin Nazirlər şurasına ünvanladıqları bir bəyanatda İranda olan nüvə obyektlərinə nəzarətin azaldığını bildiriblər.

Bu bəyanatda İranda 20 və 60 faiz dərəcəsində uranın zənginləşdirilməsi və Kərəcdə yerləşən bir müəssisəyə nəzarətin olmaması mənfi hal kimi qarşılanıb.

Qeyd edək ki, Rafael Qrossi İrana səfərindən sonra istənilən nəticənin əldə edilmədiyini bildirib.

Əlavə edək ki, son həftələrdə BAEA-nin açıqlamaları İranda birmənalı şəkildə müsbət qarşılanmayıb.

BAEA-nin sədri Kərəc şəhərində olan bir obyektdə agentliyin kameralarının quraşdırılması və onların çəkdiyi görüntülərin verilməməsi ilə bağlı rəsmi Tehrana tənqidlər ünvanlamışdı. İran isə bu obyektin razılaşmaya aid olmadığını bildirib.

Bildirək ki, tərəflər cari ayın sonunda Avropada nüvə sazişinin bərpası ilə bağlı danışıqlara başlayacaqlar. Bu danışıqlar İran və 4+1 dövlətləri, eləcə də vasitə ilə ABŞ arasında keçiriləcək.

Xatırladaq ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Sazişdə qalan Avropa dövlətləri neftin satışı və maliyyə köçürmələrilə bağlı İrana verdikləri vədə əməl edə bilmədikdən sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini tədricən azaltmağa başlayıb. Ötən ildə İranın Nətənz nüvə obyektinə qarşı təxribat və bir nüvə aliminin terror edilməsindən sonra İran sazişdə olan öhdəliklərini daha da azaldıb və uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə başlayacağını, nüvə obyektlərində olan kameraların çəkilişlərini məhdudlaşdırdığını və sair addımları atdığını bildirib.