Vətən müharibəsində şəhid Mübariz izi

Bağışlayan və Mehriban Allahın adı ilə.
Vətən müharibəsində şəhid Mübariz izi.
2010-cu ildə 22 yaşlı vətən oğlu seyid Mübariz Ağakərim oğlu İbrahimov təkbaşına düşmən tərəfə keçir və çoxsaylı erməni dığasını məhv edir. Doğrudan da bu iş özü-özlüyündə böyük cəsarət tələb edir. Şübhə yoxdur ki, Mübarizi bu işə vadar edən onun vətən sevgisi, düşmənə nifrəti və peşəsinə olan xüsusi bağlılığı idi.
Qəhrəmanlar hər zaman insanları təəccübləndirir. Əks halda onlar qəhrəman olmazlar. Onların belə cəsur addımları daim insanları düşündürür və özlərindən sonrakılara böyük stimul və inam verir. Şəhid Seyid Mübariz İbrahimov da adını qəhrəmanlar sırasına yazdı. Əlbəttə Mübariz bu işi ona görə etməmişdi ki, o məşhurlaşsın və hamı ondan danışsın. Mübarizin valideynlərinə yazdığı məktubdan da aydın olur ki, Mübariz torpaqlarımızın düşmən tapdağında qalmasına dözə bilmir və heç cür bununla razılaşa bilmirdi. Məhz bu “razılaşmama” təfəkkürü tarixdə insanları dahiyə çevirib. Addım atmağa və yeni cığır açmağa vadar edib.
Mübarizin şəhadətindən 10 il keçir. Vətən müharibəsi başlayır. Əlbəttə 10 il ərzində şəhid Seyid Mübarizin haqqında filmlər çəkilir, əsərlər yazılır və onun qəhrəmanlıqları xalqımıza aşılanır. Müasir dövrümüzdə 22 yaşlı belə qəhrəmanın ola biləcəyi hamını düşündürür. Sanki beyinlərdə bir yenilənmə gedir, sanki vətən və haqq uğrunda şəhadəti insanlarımız zehinlərinə yaxınlaşdırır, sanki vətən qeyrəti hissləri yenidən möhkəmlənir, sanki fani dünyanın fani ləzzətləri bir daha insanların gözündə kiçilir və əbədi aləmin ləzzətinə şövq yaranır, sanki insanlar yuxudan ayılır və sanki insanlarımız öz dövrlərində 22 yaşında belə mərd oğulla eyni məmləkətdə yaşamaqlarına təəccüb edir. Çünki həqiqətən də Şəhid Mübariz bizim yatmış vətənpərvərlik hissimizi öz qanı hesabına sürətlə dirçəltmişdi. Nəhayət insanlarımızda, xüsusən gənclərimizdə belə sual yaranır: Niyə mən də Mübariz kimi şəhid olmayım və vətənim üçün canımdan keçməyim?! Axı vətən buna layiqdir!!!
Belə də olur. Vətən müharibəsi başlayan kimi mərd oğullarımız sürətlə döyüşə getmək üçün könüllü müraciətlər edir. Nəticədə 3000-ə yaxın vətən oğlu şəhadət məqamına yüksəlir. 1500-ə yaxın vətən oğlu öz sağlamlıqlarını itirərərək qazi olur.
Döyüş kadrlarına baxdığımız zaman əsgər və zabitlərimizin şəhidlərin ən üstünü İmam Huseyn(ə) və Kərbəla şəhidlərindən həmçinin müasir dövrümüzün 22 yaşlı şəhidi seyid Mübarizin şəhadətindən böyük ilham aldıqlarını bariz şəkildə görə bilirik.
Həqiqətən də onlar hamısı Mübariz idilər.
Aləmlərin Rəbbi olan Uca Allah şəhid Mübarizi, vətən müharibəsində canlarından keçən oğullarımızı,1-ci Qarabağ müharibəsində şəhid olan oğullarımızı həmçinin bütövlükdə din, haqq, vətən və qeyrət uğrunda canlarından keçən ərənlərimizi Seyyidüş-şühəda imam Huseynlə(ə) məşhur etsin və arzusunda olanlara da şəhadət ləyaqətini əta etsin. Amin.
Diqqətiniz üçün təşəkkür edirəm.
Sosial psixoloq Vüsal Nadiroğlu.
Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü.