Xidmət rəisinin müavini Cəlilabadın, təhsil idarəsinin müdiri isə Şəmkirin icra başçısı oldu

Prezident sərəncam imzalayıb

Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev sentyabrın 14-də bununla bağlı sərəncam imzalayıb.

Rafiq Cəlilov bu vaxta qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışırdı.

58 yaşlı Rafiq Cəlilov ixtisasca iqtisadçıdır. Əvvəllər Xəzər Dəniz Gəmiçilik İdarəsində, İqtisadi İnkişaf Nazirliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Ailəlidir, 3 övladı var.

Prezidentin digər sərəncamı ilə Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ondan əvvəl rayona rəhbərlik edən Alimpaşa Adil oğlu Məmmədov bu il aprelin 27-də tutduğu vəzifədən azad edilmişdi.

Rəşad Tağıyevin 40 yaşı var. İxtisasca hüquqşünasdır. İndiyədək İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi, “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi vəzifələrdə çalışıb. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini olub. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Ailəlidir, iki övladı var. Əslən Neftçaladan olan Rəşad Tağıyevin Bakının Xətai rayonu ərazisində tikdirdiyi villa bir müddət sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib, yerli mediada işıqlandırılıb.