Xoşbəxtlik və səadət

Bağışlaya və Mehriban Allahın adı ilə

Hərdən elə olur ki, insanlar bəzi vaxtlar bəzi şeylər düşünürlər. Amma daim düşündükləri arzuları da olur. Onlar o arzularına çatmaq üçün bəzən bir ömür sərf edirlər. Bəzən dünyada bütün çirkinliklərə batmağa hazır olurlar. Başqalarının qanları bahasına olsa da, öz arzularına çatmaq istəyirlər. Onların beyinlərində daim düşündükləri arzu xoşbəxtlik və səadətdir.

Bəzən insanlar dünyada kiçik bir arzularına çatanda özlərini xoşbəxt hiss edirlər. Bəziləri xoşbəxtliyi maddiyyatda axtarır, bəziləri isə vüsala çatmaqda. İnsanlar içində gənclər ali məktəbə daxil olmağı özləri üçün xoşbəxtlik hesab edirlər. Xülasə hər insanın bir və ya bir neçə arzusu onun üçün xoşbəxtlik hesab olunur. Bunların da çoxu dünya ilə bağlı olan arzulardır. İnsanlar bu arzulara çatdıqdan sonra bəzən elə olur ki, onlar bu işlərdən bezirlər və belə arzuların onlara xoşbəxtlik gətirmədiklərini anlayırlar. Belə olan halda onlar nə etməlidir? Yenə də başqa nəsnələrə üz tutub onları arzulamaq lazımdırmı?

Ümumiyyətlə İslamda uzun-uzadı arzular bəyənilməyib. Çünki insan bu arzulara çatmaq üçün çox iztirablara mübtəla olur. Həm də ömrün məhdudluğu burada böyük rol oynayır. Bəzən elə olur ki, insan öz arzusuna çatmadıqda intihara əl atır. Bu isə çox acı bir nəticədir.

İnsan üçün ən böyük xoşbəxtlik onun arzusundan asılı deyil. Amma insan istəsə onu arzulaya bilər və arzulamağı da çox bəyənilmişdir. Bu arzuya çatmaq üçün hər şeyi itirməyə dəyər. Bu AZADLIQdır.

 Azadlığın əsl mənası insanın kamilliyə çatmasına mane olan hər şeydən azad olmasıdır. Bu maneələrin ən birincisi və ən mühümü nəfsani meyllərdir.

Təbii ki, insan nəfsin istəklərinə tam xitam verə bilməz. Belə olduqda insan acından ölər və nəsli tükənər. Amma insan nəfsin ona vəsvəsə etdiyi bütün günahlardan azad ola bilər. Bunun da yeganə yolu səbrdir. Əgər insan nəfsin bu istəklərinə məhəl qoymasa, səbr edib günahlara yaxınlaşmasa azadlığın xoş ətrini duyacaq. Görəsən niyə nəfslə mübarizəyə “böyük cihad” deyilib. Əgər insan öz nəfsi ilə bacara bilmirsə, öz nəfsinə qarşı üsyan edib onun hakimiyyətini devirə bilmirsə, dünyada hansı xoşbəxtlikdən söhbət gedə bilər? Əgər bir müasir gəncin fikri-zikri barlarda olarsa, qızlarla necə əylənməyi özünə hobbi seçərsə, bu gənc özünün hətta zahiri azadlığını qazanmaqdan belə məhrum olar. Düşmənə qarşı qorxaq, öz millətinə qarşı isə xəyanətkar olar. Çünki o, öz ağlının çırağını söndürmüş, onu hakimiyyətdən uzaqlaşdırmışdır. Artıq onu ağıl idarə etmir, öz nəfsinin əsirinə çevrilmişdir. Belə olan halda o, öz insanlığını itirmiş olur. Amma bu itki heç də onu maraqlandırmır. Həzrət Əli (ə) isə bu barədə belə buyurmuşdur: “Təəccüb edirəm o adama ki, hər itirdiyini axtarır, lakin insanlığını itirib, onu axtarmır.”

Belə insan isə azad insan deyil, öz nəfsinin quludur. Öz nəfsindən azad olana qədər qul olaraq qalacaq.

İnsan istəsə bu əsirlikdən yaxa qurtara bilər. Belə isə o, hər bir iş qarşısına çıxarkən bunu Allahın istəyi ilə uzlaşdırmalıdır. Əgər uzlaşırsa, o işi etməli, əks halda tərk etməlidir. Belə insan Allahın istəyini öz istəyindən önə çəkmiş olur və öz istəyindən üstün tutmuş olur. İnsan bu məqama çatana qədər azad insan ola bilməz. Çünki onu ağıl idarə etmir, şəhvani istəklər idarə edir. Sizcə belə insan necə azad insan ola bilər? Amma əgər insan öz istəklərini susdurub ağlın fərmanını gözləsə, həm öz ağlını hakimiyyətə gətirmiş olur, həm də öz nəfsindən azad olur. Belə olduqda artıq onun nəfsi öz gücünü itirir və ağıla itaət etməyə məcbur olur. İnsana isə ağlı olduğuna görə “insan” deyiblər, əks halda o, heyvandan başqa bir şey deyil, bəlkə də ondan da pisdir. Çünki onun ağlı ola-ola o, öz nəfsinə itaət edir. (Qəsəs surəsi, 50; Əraf surəsi 179; Casiyə surəsi, 23 və s.)

İnsan gərək öz nəfsini tərbiyə etməyi bacarsın. Əgər özünü tərbiyə edə bilmirsə, başqalarını necə tərbiyə edə bilər. Ən azı övladlarının tərbiyəsi onun öhdəsindədir.

Biz yalnız nəfsin tərbiyəsində mühüm rol oynayan bir vasitəni qeyd etdik. Amma bu vasitə ən kamil və ən məsuliyyətli bir işdir. Başqa vasitələr də mövcuddur, amma onların nəticəsi də elə bu məqama gəlib çıxır. Bu məqama çatan insan dünyada məsumluq məqamını əldə etmiş olur. Belə insan Allahın izn verdiyi hər şeyə qadir olur. Necə ki, Qüdsi hədislərdən birində Allah-Təala belə buyurur: Ey bəndəm, mənə itaət et ki, mən də səni Özüm kimi edim, belə ki, sən də bir şeyə “Ol!” desən, o da olar.”

Sizcə, əsl azadlıq bu deyilmi? Allah insanı azad yaratmışdır və istəyir ki, o, ömür boyu heç kəsin, hətta öz nəfsinin də qulu olmasın. Var-dövlətin, hakimiyyətin, vəzifənin, pulun qulu olanlar isə heç vaxt əsl azadlığın nə olduğunu bilməzlər. Çünki onlar azad olmaq istəmirlər. Onlar gərək bunları itirsinlər ki, azadlığın ətrini duya bilsinlər. Bu isə onlar üçün ölümdən də pisdir. Bu hal dünyada əsl xoşbəxtlik, axirətdə isə əbədi səadət deməkdir.

 

Allah azadlıq yanğısı ilə qovrulanlara azadlıq bəxs etsin və heç vaxt onlara başqalarının qulu olmağa imkan verməsin! Azad olmaq və xoşbəxt olmaq ümidi ilə...

   

Şeyx Fərhad Mirzə