Yasamal sakinləri etiraz edirlər

"Gecə saatlarında küçə sürücülər və piyadalar üçün təhlükəli olur"
 
"Bakıda küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir. Gecə saatlarında küçə sürücülər və piyadalar üçün təhlükəli olur”.
 
Yasamal rayonu Əsəd Əhmədov küçəsinin sakinləri belə deyir.
 
Bildirirlər ki, ərazidəki Bravo Marketdən yuxarı Lökbatan yoluna qədər yeni dirəklər quraşdırılsa da, işıqlandırılmadan istifadə olunmur: "5 ildən artıqdır ki, küçə axşam saatları düşdükdə zülmət qaranlıq içində olur. Piyadalar qaranlıqda yolu keçərkən çox vaxt sürücülər onları seçməkdə çətinlik çəkir, hətta piyada keçidi zolağı və işarəsi yetəri qədər işıqlandırılmayıb. Ətrafdakı obyektlərin işıqları küçənin işıqlandırılmasına yetərli deyil. Qeyd edim ki, bu yol əsas ana yoldur. Günün istənilən vaxtı gecə saat 12-də belə orada tıxac olur”.
 
Sakinlə bildirirlər ki, bu yol Sədərək, Binə, Lökbatana gedən əsas ana yol ilə kəsişir.
 
Bu ərazidə əhali çox sıx məskunlaşmışdır. Maşınların və insanların sıxlığı hər an hər iki tərəfi qarşılıqlı təhlükə altına salır.
 
Küçənin sakinləri bununla bağlı dəfələrlə Yasamal Rayon Küçə İşıqları İdarəsi, Bakı Şəhər Küçə İşıqları İdarəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Abadlıq İdarəsinə müraciət ediblər, ancaq nəticəsi olmayıb:
 
"Dəfələrlə məlumatları qeyd edirmiş kimi göstərib, bizi yola salıblar. Bakı Şəhər Abadlıq İdarəsinin heç bir nömrəsinə zəng çatmadığı üçün əlaqə saxlamaq mümkün olmayıb. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələ ilə Bakı Şəhər Küçə İşıqları və Yasamal Rayon Küçə İşıqları İdarəsinin tabeçiliyi altında olduğunu qeyd etsə də, bu qurumlar məlumatı təkzib edərək məsuliyyəti Abadlıq İdarəsinin üzərinə atıblar".
 
Meydan TV-nin Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
 
Yasamal Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, problem araşdıracaqlar.(Meydan TV)