Zəfərə çatdıran məktəb

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseynin növbəti yazısını təqdim edirik:

 

"1400 il bundan öncə Kərbəlada baş verən müharibə şəxslər arasında baş verən adi müharibələrdən deyildi. Kərbəlada baş verən müharibə bəşəriyyətin xilası üçün haqla batilin savaşı idi. Kərbəlada Aşura günü haqq öz mərdliyi, ləyaqəti və cəsarəti ilə batilin qarşısında durmuş, batil isə öz alçaqlığı, xəbisliyi və çirkinliyi ilə haqqın qarşısını kəsmişdi. Sayca haqdan çox olsalar da, öz qorxaqlıqlarını da gizlədə bilməmişdilər. O gündən bu günə kimi ləyaqətdən və gözəllikdən pay alan insanlar Hz.Hüseyni (ə) özlərinə örnək biliblər. Qəlbini alçaqlıq, ruhunu xəbisliklə çirkləndirənlər isə hər zaman özlərinə batil yolu seçiblər. Kərbəlanın Aşura günündən özlərinə nümunə götürənlər nicat tapıb qurtuluşa yetişiblər. Həmçinin, qətiyyətlə deyə bilərik ki, Vətən müharibəsində qazandığımız qələbə də Aşuradan, Hz.Hüseynin (ə) ləyaqətli duruşundan və qətiyyətindən aldığımız örnəyin uğurlu nəticəsidir. Minlərlə igidlərimiz Aşuranın abu-havasını ruhən yaşayaraq, Hz.Hüseynlə (ə) birgə özlərini qalib etdilər. Xalqımızı nicata, bizləri Qarabağ zəfərinə çatdırdılar. Şəhadətə çatanlar və qazi olanlar Hz.Hüseynin (ə) eşqi ilə meydanlara addım atanlar idi. İmana sahib olan ordunun şəhadəti arzulayan hər bir əsgəri Hz.Hüseynin (ə) əzadar aşiq idi. Çünki Aşura haqqa bağlılığı, şəhadət eşqini qəlbə salan, insanı düşmən qarşısında güclü edən ilahi sehrə malikdir.

Yəqin edirəm ki, bizim xalqımızın Aşuraya bağlılığı səbəb oldu ki, bizlər torpaqlarımızı işğaldan azad etdik. Bunu sübut etmək çox asandır. Hər hansı bir xalq və ya insan Aşuranın qəhrəmanlığından dərs alsa, o zaman iradə möhkəmlənib cəmiyyətdə haqqa meyillilik yaranacaq. Nə qədər böyük bəlalar, çətinliklərlə rastlaşsalar belə, Hz.Hüseynin (ə) Aşurasından dərs aldıqlarına görə nicat tapacaqlar.

İlahi məqsədə yalnız Hz.Hüseynin təfəkkürü ilə çatmaq mümkündür. Bu baradə tarixdən Aşuradan ilham alaraq, nicat tapan xalqlar və şəxslər haqqında misallar göstərmək mümkündür. İstəyirəm ki, özümüzdən öncə haqqında hər kəsin eşitdiyi, kitablardan oxuduğu Hindistanın inqilabçısı, mütəfəkkiri  Mahatma Qandinin öz xalqını ingilislərin əsarətindən xilas etməsi ilə bağlı söylədiyi cümləni diqqətinizə çatdırım. Qandi o şəxsdir ki, Hindistan onun öndərliyi altında azadlığına qovuşmuşdur. Mahatma Qandi xalqına müraciət edərək bildirmişdir ki, əgər Hindistan azad olmaq istəyirsə, gərək Hz.Hüseyni (ə) özünə örnək alıb onun yolu ilə getsin.
 
Bizim vətən müharibəsində, haqq savaşımızda igidlərimiz Hz.Hüseynin (ə) yolu ilə gedib xalqımızı, dövlətimizi qalib etdilər. Şəhid olsalar da, o Həzrətə mehman olmaq arzusuna çatdılar. Qazilarin, müharibə iştirakçılarının, şəhid analarının çıxışlarına qulaq asanda görürük ki, hamısı müxtəlif lakin eyni mənanı verən bir sözü deyir: "Biz ölsək də, Hz.Hüseynə (ə) qovuşacağıq", "Biz Kərbəladan, Aşuradan dərs almışıq", "Biz döyüşlərə ləbbeyk Ya Hüseyn (ə) deyib getmişik", "Oğlum Hz.Hüseynin (ə) aşiqi idi". 

Müxtəlif formada söylənən lakin eyni mənanı verən cümlələri bizlər vətən müharibəsinin qalib iştirakçılarından eşitdik. Əgər Aşura bizlərə Qarabağı qazandırıbsa, Qarabağa aparıbsa, onu yaşatmaq lazımdır. Bu ruhiyyəyə sahibiksə, təkcə Qarabağ ilə kifayətlənmək doğru olmaz. Aşura ruhiyyəsi ilə Zəngəzuru, Göyçəni və Dərəlyəzi də azad edə bilərik. Hz.Hüseyn (ə) təfəkkürü ilə təkcə Qafqaza deyil, dünyaya sahib ola bilərik. Bizlərə bunu imanla meydanlarda olan əsgərlərimiz göstərdilər. Qəlbləri yansa da, Aşuradan dərs alan, başlarını dik tutan şəhid anaları göstərdilər. Ona görə haqqımız var ki, əsrlərdir ki, bizə gəlib çatmış Aşuranı rəsmiləşdirək, təqvimdə Şəhidlər günü kimi qeyd edək. Aşuranı bizim xalqın ənənəvi irsi kimi dünyaya göstərək. Dindarlar onsuz da, hər il Aşuranı şəhidlərin məzarı başında onları yad etməklə keçirir. Nə gözəl olardı ki, Aşura dövlət səviyyəsində Şəhidlər günü kimi qeyd edilərdi. Allah bizim xalqı Aşuradan və onun bərəkətindən ayrı salmasın!

Abbas Hüseyn"